İranda Tramp və Netanyahu üçün pul toplanır – Haraqani çağırış etdi

İranda Tramp və Netanyahu üçün pul toplanır –

İranın nüfuzlu din xadimi Əbdülməcid Haraqani ABŞ Prezidenti Donald Tramp və İsrail Baş Naziri Benyamin Netanyahunun öldürülməsi üçün vəsait toplamağa başlayıb.

“The Telegraph” nəşri Haraqaninin 10-20 milyon dollar məbləğində mükafat fondu yaratdığını və bu iki liderə sui-qəsd təşkil etmək məqsədilə kampaniya başlatdığını yazıb. O, hətta iranlıları kampaniyaya dəstək olmağa çağırıb.

Ağ Ev bir müddət əvvəl Donald Trampa qarşı həyata keçirilən sui-qəsd cəhdinin arxasında da İranın olduğu açıqlamışdı. Ekspertlərin fikrincə, Haraqaninin bu çağırışı regiondakı gərginliyi daha da artırmaqla yanaşı, beynəlxalq münasibətlərdə yeni təlatümlər yaratmaq ehtimalını gündəmə gətirir.

Politoloq Araz Aslanlı deyib ki, bu cür çağırışın bir neçə motivi ola bilər:

Birincisi, bu təşəbbüs həm daxili, həm də dünya ictimaiyyətinə mesajdır. Belə hallarda adı çəkilən liderlərin təkcə İranın deyil, insanlığın düşməni olduğu mesajı verilir. Ona görə də onların öldürülməsi istənilir.

Araz aslanli 123
Araz Aslanlı

İkincisi, pul toplanmasına çalışaraq iştirakçılığı artırmaqdır. Din xadiminin bu çağırışı hədəf kütləsini genişləndirmək məqsədi daşıyır. Yəni göstərməyə çalışır ki, bu fikir təkcə İrana aid deyil, insanlar arasında ortaq bir mövqedir.

Üçüncüsü isə Trampın və Netanyahunun narahat olmasını təmin etməkdir. Onsuz da hər iki şəxs narahatdır, amma məqsəd yalnız bu deyil.

Hesab edirəm ki, iki lider də yaxşı qorunur və belə hücumlara qarşı hazırlıqlıdırlar. Yenə də bu kimi xəbərlərin yayılması psixoloji təsir göstərə bilər. Bəzi şəxslərin Netanyahunu və Trampa qarşı sui-qəsdə cəhd etməsi üçün motivasiya yarana bilər. Lakin bu, sadəcə bir versiyadır və zəif ehtimaldır”.

Turan Rzayev

Mənbə: globalinfo.az