Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…

Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…

Yekaterinburqda baş verən son hadisələr və Moskva ilə artan gərginlik, xüsusilə regional şəhərlərdə milliyyət və etnik mənsubiyyətə qarşı neqativ münasibətin artması Rusiyada təhsil alan azərbaycanlı tələbələrin gündəlik həyatına mənfi təsir edir.

Bunu təhsil eksperti Kamran Əsədov Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi məlumatlara görə, 2023-cü ilin sonuna kimi Rusiyada 15-17 min arasında azərbaycanlı tələbə ali təhsil alır:

"Onların çoxu Moskva, Sankt-Peterburq, Kazan, Rostov və Yekaterinburqda cəmləşib. Bundan başqa, Perm, Novosibirsk, Krasnodar və digər regionlarda da azərbaycanlı tələbələr var. Bu şəhərlərin bir hissəsində etnik qarşıdurmalar və millətçi təzyiqlər son illərdə artıb. Yekaterinburq hadisəsi bir daha göstərdi ki, Rusiya daxilində etnik və mədəni fərqliliklərə qarşı dözümlülük zəifləyib. Bu münaqişələr, xüsusilə Orta Asiya və Cənubi Qafqazdan olan tələbələrə yönəlir. Azərbaycanlılar da bundan kənarda deyil. Onlar fiziki təhlükə ilə birbaşa üzləşməsələr də, psixoloji təzyiq, mədəni təcrid, polis nəzarətində ayrı-seçkilik, hostel və kirayə evlərdə milli mənsubiyyətə görə rədd cavabları ilə qarşılaşırlar”.

Ekspert bildirib ki, tələbələr hüquqi status baxımından Rusiyada miqrant sayılır:

“Onların hüquqları “Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” 2002-ci il federal qanunla tənzimlənir. Lakin bu qanun tələbələrin sosial müdafiəsini və təhlükəsizliyini tam təmin etmir. Bir çox hallarda hüquq-mühafizə orqanlarının ayrı-seçkiliklə yanaşması və sənəd prosedurlarında çətinliklər vəziyyətlərini ağırlaşdırır. 2023-cü ildə 68 azərbaycanlı tələbə müxtəlif inzibati səbəblərlə deportasiya olunub, yüzlərlə tələbə isə yaşayış icazəsi və qeydiyyat problemləri ilə üzləşib. Dövlət səviyyəsində bu məsələyə reaksiya gücləndirilməlidir”.

K.Əsədov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və təhsil attaşelikləri tələbələrin hüquqlarını qorumaq üçün operativ işləməlidir:

“Elm və Təhsil, eləcə də Xarici İşlər Nazirlikləri birgə mexanizm yaradaraq risk zonalarındakı tələbələrlə mütəmadi əlaqə saxlamalı və onların şikayətlərini, təhdidlərini yaxından izləməlidir”.

Mənbə: www.bakupost.az