Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?

Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var –

“Son dövrlərdə Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginlik, Moskva-Bakı münasibətlərinin yeni mərhələyə keçdiyindən xəbər verir. Xüsusilə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən hücum, həmçinin informasiya resurslarımıza artan kiberhücumlar, bəzi azərbaycanlı ictimai və siyasi fiqurların bu ölkəyə buraxılmaması kimi hallar gərginliyin təzahürü kimi üzə çıxır”.

Bunu politoloq Züriyə Qarayeva Rusiya - Azərbaycan gərginliyini şərh edərkən deyib.

Politoloq bildirib ki, “Rusiya Prezidenti Vladimit Putin geri çəkilir” tipli informasiyalar, əslində o ölkənin daxilində də Cənubi Qafqaz siyasətində dəyişiklik zərurətinin dərk olunduğuna işarə edə bilər:

“Rusiya bir tərəfdən Ukrayna cəbhəsində uzanan müharibənin fəsadları ilə üz-üzədir, digər tərəfdən isə postsovet məkanında – istər Orta Asiyada, istərsə də Cənubi Qafqazda təsir imkanlarının zəiflədiyini hiss edir. Azərbaycan da bu zəifləmədən istifadə edərək, öz siyasi və hərbi manevr imkanlarını genişləndirib, eyni zamanda bölgədə suveren mövqeyini daha da möhkəmləndirib.

Moskva bu dəyişən reallıqları nəzərə alaraq, Bakı ilə qarşıdurmanı dərinləşdirmək yerinə, münasibətləri sabit saxlamağa və bəlkə də yenidən formatlaşdırmağa üstünlük verə bilər. Bunun üçün həm siyasi ritorikasını yumşaltması, həm də iqtisadi və regional əməkdaşlıq təklifləri ilə çıxış etməsi mümkündür. Rusiya üçün Azərbaycanla açıq qarşıdurma nə iqtisadi, nə də geosiyasi baxımdan faydalı deyil. Moskva Bakını itirmək istəmir, çünki bu, onun bütövlükdə Cənubi Qafqazdakı təsir dairəsinin daha da daralması demək olar”.

zuriye qarayeva
Züriyə Qarayeva

Politoloq bildirib ki, Rusiya təbiəti etibarilə uzunmüddətli strateji planla deyil, taktiki addımlarla irəliləyən dövlətdir:

“Bu o deməkdir ki, vəziyyət sabitləşsə belə, Moskva öz təsir imkanlarını saxlamaq üçün Bakı üzərində müxtəlif təzyiq alətlərini – informasiya müharibəsi, etnik azlıqlar mövzusu, iqtisadi asılılıqlar kimi mövzuları istifadə etməkdən geri çəkilməyəcək.

Azərbaycan tərəfi bu mərhələdə prinsipial mövqe sərgiləyir və suverenlik məsələsində heç bir güzəştə getməyəcəyini nümayiş etdirir. Rəsmi Bakı həm regiondakı real güc balansına, həm də Türk dünyası ilə artan inteqrasiyaya arxalanaraq Rusiya ilə münasibətlərdə bərabərhüquqlu dialoqu tələb edir. Bu, artıq təkcə siyasi mövqe deyil, həm də regional təhlükəsizlik və iqtisadi dayanıqlılıq baxımından Azərbaycanın strateji kursudur.

Nəticə etibarilə, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə soyuqluq qalacaq, amma Moskva hazırkı konfiqurasiyada bu münasibətləri daha da gərginləşdirməkdə maraqlı deyil. Əvəzində, dialoq formatında əməkdaşlığı qoruyub saxlamaq və nüfuz itkisinin qarşısını almaq üçün daha çevik mövqe sərgiləyə bilər. Azərbaycan isə öz maraqlarını əsas götürən müstəqil siyasət xəttini davam etdirəcək”.

Turan Rzayev

Mənbə: globalinfo.az