Sarkisyanın qardaşı oğlu Şuşada 35 azərbaycanlını öldürüb - Dilqəm Əsgərov ŞOK FAKTLAR açıqladı

Sarkisyanın qardaşı oğlu Şuşada 35 azərbaycanlını öldürüb -

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların dəfn edildiyi kütləvi məzarlıqların aşkarlanması davam edir. Bu yaxınlarda hökumət rəsmilərindən birinin verdiyi məlumata görə, ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub. Məzarlıqlardan tapılan şəxslərin kimliyini müəyyən etmək üçün analizlər aparılır. Qalıqların eyniləşdirilməsi nəticəsində onlarla şəxsin taleyi məlum olub.

Bu gün “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxış edən hərbi prokuror Xanlar Vəliyev kütləvi məzarlıqlarla bağlı diqqətəlayiq detal açıqlayıb. O bildirib ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazlar vasitəsilə axtarışlar zamanı üzə çıxmayıb. Buna görə də kütləvi məzarlıqlar əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə daha çox tapılır.

Modern.az məsələ ilə bağlı 2020-ci il dekabrın 14-də erməni girovluğundan azad edilərək Bakıya gətirilən Dilqəm Əsgərovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında erməni girovluğunda olarkən eşitdiyi bir hadisəni danışıb:

“Mən orada əsir saxlanılarkən bir erməni ilə danışırdım. Onun atasının adı Telman, özünün adı isə Artur idi. Özü deyirdi ki, azərbaycanlılarla çox yaxşı münasibəti olub. Düzdür, mənim heç kimlə orada danışmağıma icazə vermirdilər, amma onunla axşamlar bir-iki saat danışırdıq. O, mənə 90-cı illərdə əsir və girov götürülənlərin Şuşa türməsində necə işgəncə verilməsi barədə hər şeyi danışıb".

Dilqəm Əsgərov Şuşada azərbaycanlıların kimlər tərəfindən öldürüldüyünə də toxunub:

“Artur mənə deyirdi ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan tez- tez Şuşaya gəlirdi. Sonuncu dəfə gələndə Narek kefli idi, Şuşa həbsxanasında saxlanılan 35 nəfər azərbaycanlını həmin gün öldürüb. Daha sonra Qırmızı Xaç Komitəsi gəlib, həmin adamları Malbəyli qəbirsantlığında dəfn ediblər. Ölməmişdən qabaq azərbaycanlılara nömrə qoyulmuşdu, rəqəmlərə uyğun onları güllələyiblər. Bunların hamısını da Qırmızı Xaç Komitəsi bilir".

O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda olan hadisələrlə bağlı Azərbaycana düzgün məlumat vermədiyini vurğulayıb.

"Komitə Qarabağda çox şeylərin üstünü örtürdü. Buna mən özüm də şahid olmuşam. Şuşa türməsinə məni aparanda orada yeraltı padval vardı, orada məni də güllələmək istəyirdilər. Amma sonra nəsə oldu, məni başqa yerə apardılar. O, mənə Xocalıda öldürülənlər barədə də danışıb. Xocalıda “Vazgenin dəstəsi” deyilən adamlar 120 azərbaycanlının başını kəsib. Daha sonra öldürülən şəxsləri Xocalının yanından axan çayın yanında basdırıblar. Qalan əsirlər isə Ermənistana aparılıb. Artur mənə deyirdi ki, Qarabağdakı qətllərdə birbaşa Serj Sarkisyan, Robert Köçəryan iştirak edirdi.

Mənə bunları danışan Artur Telmanoğlu özü Şuşadan idi, bütün hadisələrin şahidi olub. Elə bilirəm ki, o sərhəddə saxlanılsa, çox şeylərin üstünü açar. Hətta Xocalıda 120 nəfərin harda basdırıldığının da deyə bilər”, - Dilqəm Əsgərov deyib.

Mənbə: modern.az