Nərimanov rayonunun Təbriz küçəsində də iyul ayından etibarən təmir-bərpa işlərinə başlanılıb. Sürücülər bildirirlər ki, yolun bir hissəsinin bağlanması və hərəkət zolaqlarının daralması nəqliyyatın hərəkətində çətinlik yaradır.
Hazırda ərazidə yolun sol hissəsində velosiped xəttinin çəkilməsi ilə bağlı işlər aparılır. Bununla yanaşı, yolayrıcındakı beton səddin sökülməsi də həyata keçirilir.
Sürücülərin sözlərinə görə, avtomobillərin intensiv hərəkət etdiyi Təbriz küçəsində təmir işlərinin ləng və fasilələrlə aparılması vəziyyəti daha da çətinləşdirir. Ərazidə çalışanlar isə işlərin dekabr ayına qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildiriblər.
Sürücüləri narahat edən əsas məqamlardan biri də yeni tədris ilinin başlamasıdır. Məktəb və universitetlərin açılması ilə küçədə nəqliyyatın daha da intensivləşəcəyi, bunun isə tıxacların uzanmasına səbəb olacağı gözlənilir.
Mənbə: oxu.az