Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Ramin Zöhrab oğlu Ağabəyov əlillik dərəcəsinin bərpa olunmamasından və pensiyasının dayandırılmasından şikayətlənir.
“Qafqazinfo”ya müraciət edən qazinin sözlərinə görə, o, 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutunu bitirdikdən sonra leytenant rütbəsi ilə Daşkəsən rayonunda ön xətdə tağım komandiri kimi xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə başından və sol ayağından odlu silah yarası alıb.
Qusar sakini olan R.Ağabəyov 2021-ci ilin avqustuna qədər müxtəlif xəstəxanalarda müalicə aldıqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xidmətə yararsız hesab edilib. Hərbçiyə “kəllədaxili travmaların nəticələri, odlu silah yaralanması nəticəsində keçirilmiş qapalı KBT, posttravmatik ensefalopatiya və postkontuzion sindrom” diaqnozları ilə 5 il müddətinə II dərəcəli əlillik təyin olunub.
.jpg)
Lakin qazi bildirir ki, bu ilin avqust ayında 5 illik əlillik müddəti bitdikdən sonra statusunun yenidən qiymətləndirilməsi prosesində ciddi əngəllərlə üzləşib: “Artıq 3 aydır həkimlərdəyəm. Əlilliyimin bərpası üçün sənədlərimi toplayıb müraciət etdikdə mənə şifahi olaraq bildirildi ki, “Forma-88” sənədini diaqnozlarımın qoyulduğu nevrologiya şöbəsindən yox, 1 saylı Respublika Psixiatrik Mərkəzindən göndərməliyəm. Mərkəzin baş psixiatrı Orxan Cəfərovun qəbulunda olaraq bildirdim ki, emosional əsəb gərginliyim var, psixiatriya xəstəxanasında yatmaq mənə ağır mənfi təsir göstərir və unutmağa çalışdığım travmalarımı yenidən canlandırır. O isə əlindən gələn bir şeyin olmadığını dedi. Mən nevrologiya xəstəsiyəm. “Forma-88” sənədinə görə 10 gün xəstəxanada yatmalı olduğumu dedilər. Mən də Qusar Rayon Mərkəzi Xəstəxanasının nevrologiya şöbəsində 10 gün stasionar müalicə aldım. Problemim odur ki, psixiatriyada yatmaq istəmirəm. Çünki psixiatriya xəstəsi deyiləm, əvvəl də o şöbənin rəyi ilə tərxis olunmamışam. Mənim xəstəliyim nevrologiya və ya travmatologiya ilə bağlıdır. Belə olan halda, niyə başqa bir şöbəyə yönləndirilməliyəm?”
Ehtiyatda olan zabit həm əlilliyinin kəsilməsinə, həm də işlə təmin olunmamasına etiraz edir: “5 il əvvəl eyni diaqnozlarla mənə II qrup əlillik təyin olundu, amma bu gün deyirlər ki, əlillik düşmür. Ehtiyatda olan zabit kimi Dövlət Gömrük Komitəsinin və Hərbi Komissarlığın Qusar rayon şöbələrinə işə qəbulla bağlı müraciət etdim. Hər ikisindən mənə mənfi cavab gəldi. Əgər həkimlərin dediyi kimi heç bir travmam yoxdursa, niyə belə cavab oldu? İtirilmiş sağlamlığım, məhv olmuş karyeram... Əvvəllər 1457 manat əmək pensiyası və II qrup əlilliyə görə 500 manat müavinət alırdım. İndi isə hər ikisi kəsilib. Ailə başçısı, bir uşaq atası olaraq 80 manat müavinətlə mənə deyirlər ki, get dolan. Mən sağlamlıq şəraiti ilə, müharibə əlili kimi işimdən olmuş zabitəm. Pensiyam nəyə görə kəsilməlidir?”
.jpg)
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi: “Qusar rayon sakini 1998-ci il təvəllüdlü Ağabəyov Ramin Zöhrab oğluna təyin olunan əlillik müddəti 23.08.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən heç bir göndəriş elektron sistemə daxil edilməyib.
Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.
Qazinin şikayəti ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Sorğumuza cavab kimi qeyd edilib ki, vətəndaşın əlilliyinin müəyyən olunması prosesi davam edir. Yekun qərar verildikdən sonra bu haqda məlumat bildiriləcək.
Qeyd edək ki, Ramin Ağabəyov döyüşlərdə göstərdiyi şücaətə görə “Kəlbəcərin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Lamiyə Məmmədova



Mənbə: qafqazinfo.az