Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aqil Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı ilin mart ayında saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Misir parkı” adlanan ərazidə baş verib.
Belə ki, Aqil Əmirov gecə saatlarında həyat yoldaşı, zərərçəkmiş Aliyə Əmirovanın (adı, soyadı şərtidir) mobil telefonuna göndərilən SMS (Qısa Mesaj Xidməti) mesajına görə onda şübhə yaranıb. Bu səbəbdən ər-arvad arasında qısqanclıq və ailədaxili münasibətlər zəminində mübahisə yaranıb.
İş materiallarına görə, mübahisə zamanı kişi əsəbiləşərək həyat yoldaşının üzərinə hücum edib. Aqil əvvəlcə Aliyənin saçından tutaraq dartıb, daha sonra əl zərbəsi ilə sifət nahiyəsinə vurub. Zərbənin təsirindən qadın yerə yıxıldıqdan sonra isə ona təpiklə sağ əl və kürək nahiyəsindən zərbələr endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş qadının sağ yanaq və alt göz qapağı nahiyəsində qançır və hematoma, sağ gözün ağlı qişasına qansızma, eləcə də sağ əlin üçüncü barmağında qançır müəyyən edilib. Xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmə iclasında ifadə verən Aqil Əmirov bildirib ki, hadisədən bir gün əvvəl gecə saatlarında arvadının telefonuna SMS mesaj gəlib. Mesajın kim tərəfindən göndərildiyini soruşduqda Aliyə bunun iş yoldaşları ilə qrup yazışmasına aid olduğunu desə də, cavab onu qane etməyib və aralarında mübahisə yaranıb.
Ertəsi gün həyat yoldaşı evi tərk edib qohumunun evinə gedib. Təqsirləndirilən şəxs qızı ilə birlikdə həmin ünvana yollansa da, evə daxil olmayıb. Daha sonra Aliyə işə getmək üçün evdən çıxarkən Aqil onunla söhbət etmək istəyib. Onlar piyada şəkildə “Misir parkı” istiqamətində hərəkət edərək ailədaxili problemləri müzakirə etməyə başlayıblar.
Təqsirləndirilən şəxs bildirib ki, söhbət zamanı yenidən gecə gələn SMS-lə bağlı qadına sual verib. Həyat yoldaşının buna “əcəb edirəm” cavabını verməsi onu emosional vəziyyətə salıb. O, əsəblərinə hakim ola bilməyərək Aliyənin saçından tutub dartdığını, sifətinə bir dəfə vurduğunu, qadın yıxıldıqdan sonra isə ona bir dəfə təpik vurduğunu etiraf edib.
Aqilin sözlərinə görə, dərhal sonra etdiyi hərəkətin yanlış olduğunu anlayıb, qadını yerdən qaldırıb və hadisə yerini tərk edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hadisənin əvvəlcədən planlaşdırılmadığını, ani emosional gərginlik nəticəsində baş verdiyini bildirib.
Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığını, dəymiş ziyanı tam ödədiyini və barəsində cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmədə ifadə verən Aliyə Əmirova da əri ilə barışdığını təsdiqləyib. O, bildirib ki, dəymiş ziyan tam ödənilib, həyat yoldaşına qarşı heç bir şikayət və ya tələbi yoxdur.
Zərərçəkmiş cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib./pravda.az
Mənbə: musavat.com