Milyarderin qiymətli əşyalarla dolu çamadanı hava limanında itdi

Milyarderin qiymətli əşyalarla dolu çamadanı hava limanında itdi

Amerikalı milyarderin təxminən 1,3 milyon avro dəyərində zərgərlik əşyaları olan çamadanı Parisdə yoxa çıxıb.

Söhbət tibbi texnologiya satmaqla sərvət qazanan, adı açıqlanmayan 45 yaşlı sahibkardan gedir. Qəzetin məlumatına görə, o, 19 iyul axşamı Nitsadan Rua-Şarl de Qoll hava limanına gəlib. O, Şanzelize küçəsinin yaxınlığındakı "Four Seasons" otelində qalmağı planlaşdırıb. İş adamını hava limanında baqajını hotelə çatdırmaq vəzifəsi daşıyan özəl agentlik işçisi qarşılayıb.

Hotelə çatdıqdan sonra milyarder şəhərdə gəzintiyə çıxıb. Həmin axşam otağına qayıdanda yalnız iki çamadanın çatdırıldığını aşkar edib. Əl yükü kimi daşıdığı və əvvəlcə hava limanında agentlik işçisinə təhvil verdiyi üçüncü çamadan yoxa çıxıb.

CCTV görüntüləri göstərir ki, otelin xaricindəki maşından yalnız iki çamadan boşaldılıb. İlkin məlumatlara görə, üçüncü çamadan hava limanında itirilib və ya oğurlanıb.

"Le Parisien" qəzetinin məlumatına görə, itkin düşən qiymətli əşyalar arasında 800.000 avro dəyərində üzük və bir neçə digər zərgərlik əşyası da var. Zərgərlik əşyasının ümumi dəyəri 1 milyon avrodan çoxdur və təxminən 1,3 milyon avro qiymətləndirilir.

Polis artıq milyarderlə görüşən özəl şirkət işçisini dindirib. Onun ifadəsinin təfərrüatları açıqlanmayıb. Şirkət özü şərh verməkdən imtina edib. İstintaqa Fransanın Val d'Uaz departamentinin polisi rəhbərlik edir.


Mənbə: unikal.az