Rusiya Dövlət Duması Müdafiə Nazirliyinə həbsxanalarda saxlanılan məhkumlar hesabına müqaviləli hərbi qulluqçuların sayını artırmaq imkanı verən qanun layihəsini müzakirəsiz qəbul edib.
Dəyişikliyə görə, əvvəllər hərbi xidmətə qəbuluna qadağa qoyulan 11 cinayət tərkibi üzrə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər də Ukraynadakı müharibəyə göndərilə biləcəklər.
Sənəd Federasiya Şurası tərəfindən təsdiqləndikdən sonra, avqust ayından qüvvəyə minəcək. Hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, Dövlət Dumasının sözügedən qanun layihəsini müzakirəsiz qəbul etməsi Ukrayna cəbhəsində Rusiyanın itkilərinin həddən artıq yüksək olduğunun göstəricisidir.
Müsahibimiz deyir ki, Rusiya müharibədən çıxış yolu görmədiyindən bu yolu tutur:
“Rusiya bu yolla həm cinayətkarların “peşəkarlığından” istifadə etməyi, Ukraynanı guya qorxutmağı düşünür. Rusiya Prezidenti növbəti səfərbərlik elanını verməkdən çəkinir. Bu da ölkədə artıq etirazların baş qaldırması ilə bağlıdır. Həbsxanada saxlanılan məhkumlar hesabına hansısa bir məsələni həll etmək mümkün olmayacaq. Bundan əvvəl də həmin kateqoriyadan olan insanların müharibəyə göndərilməsi heç nəyi həll etmədi. Amma həbsxanada saxlanılan cinayətkarlar bu günə qədər müharibədə özlərini doğrultmayıblar”.
Digər tərəfdən, ekspertə görə, atılan addım Rusiya ordusunda şəxsi heyətin çatışmazlığının bariz nümunəsidir:
“Moskva və Sankt-Peterburqdan çağırışçıları zor gücünə müharibəyə cəlb etmək də işə yaramır. Ona görə də cəbhəyə bu cür “peşəkarları” göndərirlər”.
Bu addım həmsöhbətimizin sözlərinə görə, Rusiya üçün daha ağır nəticələrə səbəb olacaq. O hesab edir ki, avqust-sentyabr aylarında Rusiya daha sarsıdıcı zərbələr alacaq:
“Çünki Ukrayna ordusunun arsenalına yeni balistik raketlər, yeni dronlar, hazırlıq keçən yeni şəxsi heyət verilib”.
Rüfət Sultan,
BakuPost
Mənbə: www.bakupost.az