Türkiyənin İzmir vilayətinin Menderes Bələdiyyəsində rüşvət alma, hədə-qorxu ilə əmlak əldə etmə, rəsmi sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və şəhərsalma qaydalarının pozulması faktları ilə bağlı aparılan istintaq çərçivəsində CHP-li bələdiyyə sədri İlkay Çiçək, bələdiyyə sədrinin müavini M.T. və daha 13 şübhəli saxlanılıb.
"Turkiye Gazetesi"nə istinadən xəbər verilir ki, bələdiyyə sədrinin digər müavini R.S., bələdiyyə məclisinin üzvü F.H. və keçmiş Tikintiyə Nəzarət İdarəsinin müvəqqəti rəhbəri S.D.-nin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu arada, evli olduğu bilinən İlkay Çiçəyin sevgilisi ilə sosial şəbəkələrdə apardığı yazışmalar da üzə çıxıb.

Yazışmalarda çoxlu sayda cinsi məzmunlu ifadələr yer alıb. Mesajlarda İlkay Çiçəyin CHP-dən olan qadın bələdiyyə məclisi üzvü və bələdiyyədə çalışan qadın əməkdaşlar barədə də cinsi xarakterli ifadələr işlətdiyi iddia olunur.
Diqqət çəkən başqa bir məqam isə Çiçəyin bütün CHP-li bələdiyyə məclisi üzvlərini sevgilisinə şikayət etməsi olub.
O, yazışmaların birində belə deyib:
"Bunlar pula öyrəşiblər. Əllərini qaldırmaq üçün də pul istəyirlər. Az qala tualetə gedəndə də pul istəyəcəklər".
Başqa bir mesajında isə İlkay Çiçəy sevgilisinə yazıb:
"Mən yeriyən pulam, əzizim. Mən muxtarlıqdan gəlməmişəm. Hər işin qarşılığında pul alıram. Bütün işləri Murat Taşdemir və Rüzgar vasitəsilə həyata keçirirəm. Mən heç kimdən şəxsən pul almıram. Bu axmaqlardan istifadə edirəm. Hamı məni axmaq hesab edir, amma mən ağıllıyam, sevgilim".
Hazırda məsələ ilə bağlı istintaq tədbirləri davam edir.
Mənbə: musavat.com