Çin süni intellekt yarışında yeni mərhələyə keçdi - 28 trilyon dollarlıq bazar

Çin süni intellekt yarışında yeni mərhələyə keçdi -

Çin süni intellekt sahəsində ABŞ ilə rəqabəti gücləndirmək və texnologiya şirkətlərinin maliyyə resurslarına çıxışını genişləndirmək üçün 28 trilyon dollarlıq səhm və istiqraz bazarlarından daha aktiv istifadə edir.

Bu strategiyanın nümunələrindən biri yaddaş çipi istehsalçısı “CXMT Corp.”un Şanxay birjasında ticarətə başlamasıdır.
Şirkətin səhmləri ilk ticarət günündə 466% artıb. Nəticədə “CXMT” Çində ən dəyərli şirkətə çevrilərək “ICBC”ni geridə qoyub.
“CXMT” ilkin kütləvi təklif (IPO) vasitəsilə təxminən 9,8 milyard dollar vəsait cəlb edib.
Son iki ildə Çin texnologiya şirkətləri IPO və istiqraz emissiyaları ilə təxminən 217 milyard dollar, ABŞ texnologiya şirkətləri isə 1,4 trilyon dollar vəsait toplayıb.
Pekin bu fərqi azaltmaq üçün kapital bazarlarının imkanlarını genişləndirir, şirkətlərin birjaya çıxışını sürətləndirir və istiqraz bazarını aktivləşdirir.
Eyni zamanda, yaşıl və texnologiya yönümlü istiqrazların buraxılması təşviq olunur, banklar və investorlar bu sahəyə daha çox cəlb edilir.
Bu yanaşma əvvəlki siyasətdən fərqlənir. Əvvəllər əsas dəstək subsidiyalar və dövlət investisiyaları ilə verilirdisə, indi kapital bazarlarına daha çox üstünlük verilir.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az