Generalın qızı ilə bağlı iddia - Natiq Əliyev kimdir?

Generalın qızı ilə bağlı iddia -


Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər Əliyevanın iştirakı ilə insident baş verib.

“Haqqin.az”ın məlumatına görə, Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.
İddiaya görə, idarə əməkdaşlarında təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələr yaranıb. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Məlumata görə, mübahisə zamanı Türkər Əliyeva üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb və yüksək səslə danışıb. Həmin vaxt növbədə olan İkinci Qarabağ müharibəsi veteranının ona sakit danışmağı xahiş etdiyi bildirilir.
İddiaya əsasən, bundan sonra Türkər Əliyeva həm veteranı, həm də dövlət qulluqçusunu müxtəlif dövlət qurumlarında əlaqələrinin olduğunu söyləməklə hədələyib. Həmçinin onun sürücüsünü çağıraraq veteranın üzərinə göndərdiyi də iddia olunur.
Qeyd edək ki, Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu bildirilir.
Türkər Əliyeva isə yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.
“Musavat.com”un məlumatına görə, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisi vəzifəsində çalışıb. O, 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub.
Natiq Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
2013-cü ildə ona tibb xidməti general-mayoru hərbi rütbəsi verilib. 2020-ci ilin iyununda vəzifəsindən azad edilib. Natiq Əliyevin Türkərdən başqa Namiq adlı oğlunun da olduğu bildirilir.
Hazırda tərəflərin səsləndirdiyi iddialarla bağlı araşdırmanın nəticəsi məlum deyil.

Mənbə: www.bakupost.az