Nərimanov rayonu Aşıq Qərib və Məmməd Arif küçələrinin kəsişməsində dəmir yolunun mühafizə zonasında tikilən 161 ailəyə məxsus evlər bir ildir ki, sökülüb. Lakin hələ də buna görə sakinlərə kompensasiya ödənilməyib.
Bu barədə “ATV”yə müraciət edən sakinlər bildirib ki, hər quruma gedib, müraciət ediblər: “Lakin bir cavab verilməyib. Heç bir qurum boynuna götürmür, bu, ora, o bu quruma yönləndirib”.
Evlər söküləndən sonra bəzi ailələrə 6 aylıq kirayə haqqı ödənilib. Sonra isə heç bir səbəb göstərilmədən bu ödənişlər də dayandırılıb. Sakinlər qeyd edib ki, bu barədə məhkəməyə də müraciət ediblər və məhkəmə onların xeyirinə qərar çıxarıb. Amma yenə də vəziyyət dəyişməz olaraq qalıb.
“Kompensasiya kimi hər kvadrat metrə görə 1800 manat vəd edilmişdi. Bizim evlərimiz qanunsuz tikilməmişdi, sənədlərimiz var idi, kommunal ödənişlər edirdik”, - sakinlərdən biri qeyd edib.
Digər sakin isə bildirib ki, yaşadıqları ərazidə poliklinikada qeydiyyatda belə olublar: “Yaşadığımız ünvandan məktəblərə arayış aparmışıq. İndi deyirlər ki, bizim evlər qanunsuzdur”.
Məsələ ilə bağlı “Azərbaycancan Dəmir Yolları” QSC-dən bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən qanunsuz tikililərlə bağlı verilən qərarlar qurumun səlahiyyətində deyil: “Ərazidə mövcud olan tikililərin hüquqi statusu, habelə onlarla bağlı atılan addımlar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlar tərəfindən qiymətləndirilir”.
Mənbə: qafqazinfo.az