Serbiya baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç Dubovats kəndi yaxınlığında yanğın-xilasetmə gəmisinə baxış keçirərkən Dunay çayında hazırkı su səviyyəsini son 100-150 ilin ən aşağı həddi adlandırıb.
RTV-yə istinadən xəbər verilir ki, Dunayda suyun səviyyəsinin aşağı düşməsi yanğınsöndürənlərin yanğını söndürmək üçün su götürdükləri Dunay-Tisa-Dunay kanalına da təsir edib.
Yerli su təchizatına düşən yükü azaltmaq üçün hökumət orqanları eyni vaxtda 24 yanğınsöndürən avtomobili su ilə doldura bilən yanğın-xilasetmə gəmisini oraya yönəldiblər. Serbiyada belə bir gəmi meşə yanğınları ilə mübarizə üçün ilk dəfədir ki, cəlb olunub.
Serbiyada 32 yanğın baş verib. Deliblat qumluqları ərazisində alov təxminən 2 500-3 000 hektar ərazini əhatə edib. Yanğının söndürülməsinə 300-ə yaxın canlı qüvvə, 72 avtomobil texnikası, 37 xüsusi texnika və üç helikopter cəlb edilib. Daçiç həlak olanların olmadığını və infrastruktura ziyan dəymədiyini bildirib.
Mənbə: oxu.az