“Həftəsonlarında nəqliyyat axınının intensivləşməsi yol hərəkəti iştirakçılarından daha böyük diqqət və məsuliyyət tələb edir. Təəssüf ki, baş verən ağır yol-nəqliyyat hadisələri bir daha göstərir ki, sükan arxasında verilən bir anlıq yanlış qərar insan həyatına son qoya, bütöv bir ailənin həyatını dəyişə bilər”.
Bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev son günlər baş verən yol-nəqliyyat hadisələrinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, yorğunluq və diqqətsizlik yolda ağır nəticələrə səbəb ola bilər.
“Heç bir tələskənlik, mənzil başına bir neçə dəqiqə tez çatmaq istəyi insan həyatını riskə atmağa əsas vermir.
Hər bir ağır yol-nəqliyyat hadisəsinin arxasında insan taleləri dayanır. İtirilən hər bir həyat bir ailənin acısı, yarımçıq qalan arzular və geri qaytarılması mümkün olmayan itki deməkdir. Buna görə də sükan arxasında verilən hər bir qərarın mümkün nəticələri düşünülməlidir.
Yol hərəkəti qaydalarına riayət etmək ilk növbədə özümüzün və başqalarının həyatına göstərdiyimiz münasibətdir. Yolda tələskənliyə və riskə deyil, səbir və məsuliyyətə üstünlük verək. Səfərlər ailələrin faciəsi ilə deyil, hər kəsin doğmalarının yanına sağ-salamat qayıtması ilə başa çatsın”, - DYP rəsmisi vurğulayıb.
Mənbə: qafqazinfo.az