Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı

Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı
Girnə sahillərində dünən 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı 9 şübhəli şəxs məhkəmə qarşısına çıxarılıb.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən bildirilib ki, A.Ö., M.Ö., M.S., Z.Ö., M.G., S.E., K.K., V.H. və R.İ. barəsində "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olmaq” ittihamı irəli sürülüb.
Hakim Hazal Hacımulla bildirib ki, məsələ ilə bağlı ümumilikdə 16 nəfərin məhkəməyə gətirilməsi barədə qərar verilib. Hazırda məhkəmə qarşısına 9 nəfər çıxarılıb. Aralarında şirkət səhmdarları və Liman İdarəsinin bəzi əməkdaşlarının da olduğu 7 nəfərin daha saxlanılaraq məhkəməyə gətirilməsi gözlənilir.
Polis müfəttişinin müavini Mehmet Mannaş bildirib ki, "Filo Denizcilik” şirkətinə məxsus sərnişin gəmisi Girnə-Taşucu səfəri zamanı limandan təxminən 4 mil aralıda sol dayaq hissəsinin ucunun qırılması nəticəsində su alaraq çevrilib.
Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla 267 nəfərin olduğu, 239 nəfərin xilas edildiyi, 8 nəfərin həyatını itirdiyi bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
M.Mannaş qəzanın səbəbinin Türkiyədən gələcək mütəxəssislərin iştirakı ilə araşdırılacağını bildirib. Onun sözlərinə görə, gəmi "Türk Loydu” tərəfindən təsdiqlənib, Liman İdarəsinin müvafiq icazələrinə malik olub və səfərdən əvvəl hava şəraitinin əlverişli olduğu barədə Meteorologiya İdarəsindən məlumat alıb.
Hakim Hazal Hacımulla istintaqın hərtərəfli və tam aparılmasının vacibliyini vurğulayaraq, barələrində qərar verilmiş bütün şəxslərin məhkəmə qarşısına gətirilməsini əmr edib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyir və itkinlərin sağ-salamat tapılmasını arzulayır.

Mənbə: azxeber.com