Zərdabda 60 illik körpü qəzalı vəziyyətdədir - FOTO

Zərdabda 60 illik körpü qəzalı vəziyyətdədir - FOTO

Zərdab rayonunun Dəkkəoba və Dəliquşçu kəndlərini rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.

Sakinlər körpünün təxminən 60–65 il əvvəl istifadəyə verildiyini və hazırda ciddi aşınmaya məruz qaldığını bildiriblər.

Körpünün üzərində 5 tondan artıq yükü olan avtomobillərin hərəkətini qadağan edən yol nişanı da quraşdırılıb. Sakinlərin sözlərinə görə, uzun illər ərzində əsaslı şəkildə yenilənməyən körpünün hazırkı vəziyyəti narahatlıq doğurur və onun uçma təhlükəsi var.

Bildirilib ki, körpüdən hər gün kənd sakinləri, minik avtomobilləri və digər nəqliyyat vasitələri istifadə edir.

Məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, sözügedən körpünün mövcud vəziyyəti Agentliyin diqqətindədir.

Onun sözlərinə görə, bununla əlaqədar əraziyə baxış keçirilib, körpünün texniki vəziyyətinin və istismara yararlılığının müəyyən edilməsi məqsədilə müvafiq müayinələr aparılıb.

“Müayinələrin nəticələrinə əsasən, körpüdə təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda bu məqsədlə maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyələşmə təmin edildikdən sonra körpüdə zəruri təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur”, - deyə A.Nəcəfli qeyd edib.

AAYDA rəsmisi əlavə edib ki, təmir-bərpa işləri həyata keçirilənədək ərazidə nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvəqqəti alternativ yol istifadəyə verilib.

Hazırda gediş-gəliş həmin alternativ yol vasitəsilə təmin olunur.

Mənbə: apa.az