Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.
Oxu.az-a istinadən xəbər verilir ki, sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib.
O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.
“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub.
“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.
Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.
Qeyd edək ki, sürücülərin əsas xidməti vəzifəsi sərnişinlərin müəyyən edilmiş marşrut üzrə başlanğıc məntəqədən təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etməkdir. Yalnız sürücünün səhhətində yaranan və nəqliyyat vasitəsini idarə etməsinə mane olan hallar, eləcə də avtobusda hərəkətin davam etdirilməsinə imkan verməyən texniki nasazlıqlar istisna olmaqla, digər səbəblərlə sərnişindaşıma fəaliyyətinin dayandırılması və sürücünün xidməti vəzifələrinin icrasından imtina etməsi yolverilməzdir. Qeyd olunan hallar baş verdikdə isə sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verməli və müvafiq təlimatlara uyğun hərəkət etməlidir.
“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”, - açıqlamada bildirilib.
Məlumata görə, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.
Mənbə: qafqazinfo.az