Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda aslanın görüntülənməsi ərazidə təşvişə səbəb olub. Heyvanın tutulması üçün genişmiqyaslı axtarış tədbirləri aparılır.
Noyabrın 22-də axşam saatlarında Uskumruköy məhəlləsində gəzən aslan Kent Güvenlik Yönetim Sistemi (KGYS) kameralarına düşüb.
Məlumat daxil olduqdan sonra İstanbul İl Jandarma Komandanlığı, Sarıyer Təbiəti Mühafizə və Milli Parklar Şöbəsinin əməkdaşları, eləcə də bələdiyyə işçiləri axtarışlara başlayıblar.
Axtarışların genişləndirilməsi məqsədilə əraziyə termal kameralarla təchiz olunmuş qruplar göndərilib. Ətrafda yaşayan sakinlərə xəbərdarlıqlar edilib.
Aparılan tədbirlər nəticəsində aslanın hazırda meşəlik ərazidə olduğu müəyyənləşdirilib. Mütəxəssis baytarların da iştirak etdiyi qrup heyvanın tutulması istiqamətində əməliyyatı davam etdirir.
Uskumruköy məhəlləsinin muxtarı Şeyda Üstün aslanın bir evdə qanunsuz saxlanıldığını iddia edib. Bununla belə, heyvanın kimə məxsus olduğu və əraziyə necə gəldiyi hələlik dəqiq məlum deyil.
Muxtarın sözlərinə görə, aslanın olduğu ərazi yola təxminən 20–25 metr məsafədədir. Onun sakitləşdirici iynə vasitəsilə tutulması planlaşdırılır.
Mənbə: publika.az