Almaniyada cinayətkarlar üçün psixiatriya klinikasında üsyan baş verib

Almaniyada cinayətkarlar üçün psixiatriya klinikasında üsyan baş verib

Almaniyanın qərbində, Bedburq-Hau icmasında (Şimali Reyn-Vestfaliya federal torpağı) psixi pozuntuları olan cinayətkarlar klinikasında üsyan baş verdiyi üçün polis genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, 27 yaşlı bir pasiyent özünənəzarəti itirib və barrikada qurub. Bildirilir ki, kişi çox sərxoşdur və son dərəcə aqressivdir. Onun ciddi mühafizə olunan zonada alkoqolu necə əldə etdiyi hələ bəlli deyil.

Qəzet qeyd edib ki, sonradan digər pasiyentlər də üsyançıya qoşulublar. Onlar maneələr qurmağa və ətrafa od vurmağa başlayıblar. Polis iğtişaşlarda iştirak edənlərin beş nəfər olduğunu güman edir.

Qalan məhbusları təxliyə etmək cəhdləri göstərilir. Üsyançıların klinika işçilərini və ya digər məhbusları girov götürüb-götürmədiyi hələ aydın deyil.

Bütün regiondan polis xüsusi bölmələri, o cümlədən girovgötürmə vəziyyətləri üzrə ixtisaslaşmış bölmələr hadisə yerinə gəliblər. Klinika binasının yanında zirehli avtomobillər dayanıb. Bundan başqa, xüsusi təyinatlı bölmələrin əməkdaşları helikopterlə gətirilib.

Mənbə: report.az