"Qarabağ" bu futbolçusunu 5,8 milyon manata satıb

"Qarabağ" bu futbolçusunu 5,8 milyon manata satıb
Xəbər verdiyimiz ki, "Qarabağ"ın aparıcı futbolçularından Leandro Andrade karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. 26 yaşlı Kabo-Verde millisinin üzvü rəsmi olaraq "Polissya Jitomir" klubuna transfer olunub.
"Polissya Jitomir" bu keçid üçün "Qarabağ"a 3 milyon avro transfer haqqı ödəyib. Bu isə hazırkə məzənnə ilə təxminən 5,8 milyon manat deməkdir.
Ukrayna təmsilçisi futbolçu ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Portuqaliya vətəndaşlığına da sahib olan vinger yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından "Qarabağ”ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.
"Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.
Leandro "Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, "Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.
///Qaynarinfo

Mənbə: azxeber.com