Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı -

İyulun 19-da İspaniya və Argentina arasında keçiriləcək dünya çempionatının final matçını idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç karyerasında diqqətçəkən hadisələrdən biri ilə yenidən gündəmə gəlib.


46 yaşlı referi 2020-ci ilin mayında Bosniya və Herseqovinada narkotik alveri və fahişəlik şəbəkəsinə qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılan 35 nəfər arasında olub. Lakin sonradan onun hadisə ilə əlaqəsinin olmadığı müəyyənləşdirilib.

Polis Bosniyanın Bijelyina şəhəri yaxınlığındakı fermaya təşkil olunan əməliyyat zamanı silahlar, kokain və külli miqdarda nağd pul aşkarlamışdı. Vinçiç həmin vaxt Bosniya və Herseqovinada işgüzar səfərdə olduğunu və ev sahiblərinin kimliyindən xəbərsiz şəkildə nahar dəvətini qəbul etdiyini bildirmişdi.


Sloveniyanın “Vecer” qəzetinə danışan hakim baş verənləri belə xatırlayıb:

“Təsadüfən həmin fermada idim. İşgüzar görüş üçün Bosniya və Herseqovinada idim və nahar dəvətini qəbul etdim. Bu, mənim ən böyük səhvim oldu. Polis gəldi və bizi şöbəyə apardı. Şahid qismində ifadəmizi aldılar və hadisə ilə əlaqəmizin olmadığını müəyyən etdikdən sonra bizi sərbəst buraxdılar”.

Hadisədən sonra Vinçiçə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O, qısa müddət sonra azadlığa buraxılıb və Sloveniya Hakimlər Assosiasiyasının dəstəyini alıb.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən, DÇ-nin final qarşılaşmasını məhz Slavko Vinçiç idarə edəcək. Məlumata görə, təyinat xəbərini alan hakim duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.


Slavko Vinçiç son illərdə Avropanın ən nüfuzlu hakimlərindən biri kimi tanınır. O, 2024-cü ildə keçirilən UEFA Çempionlar Liqasının finalında Madrid “Real”ı ilə Dortmund “Borussiya”sı arasındakı oyunu da idarə edib.

Sloveniyalı hakim 2026 DÇ-də indiyədək üç qarşılaşmada baş hakim olub. Onun idarə etdiyi oyunlar arasında Braziliya ilə Mərakeş arasında keçirilən və 1:1 hesabı ilə başa çatan görüş də var. (Qafqazinfo.az)



Bizim.Media

Mənbə: bizim.media