Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə “Kolambus Kryu”dan ayrılıb.
23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.
O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq “Erzurumspor“la danışıqları uğurla yekunlaşdırıb.
“Erzurumspor” I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.
Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan “Kolambus Kryu”nu təsadüfən tərk etməyib.
Bu ilin yazında “Qarabağ”dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.
Mənbə: bizim.media