Bu gün Azərbaycanın futbol üzrə milli komandasının Andorra la Vellyadakı otelində AFFA-nın baş katibi Cahangir Fərəcullayev və milli komandanın baş məşqçisi Ayxan Abbasov azərbaycanlı jurnalistlərlə görüş keçiriblər.
“Qafqazinfo” Haqqın.az-a istinadən xəbər verir ki, baş katib milli komandamızın son nəticələrindən və vəziyyətindən danışıb:
“Statistikaya rast gəldim. Orada Azərbaycan millisinin bu il ən az məğlub olan komandalar sırasında olduğu qeyd edilir. Kimsə deyə bilər ki, rəqiblərimiz elə də güclü olmayıb. Amma statistika statistikadır. Millətlər Liqasının D Liqasındakı oyunlara hazırlaşdığımız üçün zəif komandalarla yoldaşlıq görüşləri keçirdik. İyun ayında Maltaya məğlubiyyət istisna olmaqla, ya qalib gəlmişik, ya da heç-heçə etmişik. Heç-heçələr arasında mənfi nəticə kimi Lixtenşteynlə evdə 0:0 hesablı oyunu qeyd etmək olar.
Oyunumuz barədə danışmaq istəmirəm. Bəziləri bizim qorxaq futbol oynadığımızı düşünür. Amma bu, belə deyil. Əlimizdə olan futbolçulara uyğun oyun nümayiş etdiririk. Hücumda problemlərimiz var. Praqmatik futbola üstünlük veririk. Əsas məsələ qalib gəlməkdir. Lixtenşteynə çox qol vurmadıq, amma onlar uzun müddətdir böyük hesablarla məğlub olmurlar. Kiçik dövlətlər də futbolu inkişaf etdirirlər.
Bu gün Andorra ilə oynayacağıq. Bakıda keçirilən U-15 dünya çempionatında millimiz Andorranı 1:0 hesabı ilə məğlub etmişdi. Andorralı yeniyetmələr də böyüklərdən ibarət komanda kimi müdafiədən oynayırdılar. Biz “avtobus”u yarmağa öyrəşməmişik. Çünki əksər hallarda autsayder bizim millimiz olur. Bunu dəyişmək istəyirik.
Reallığa baxmaq lazımdır. Biz dibə düşmüşük və indi yüksəlməliyik. Bunu bir sıçrayışla etmək mümkün deyil, tədricən irəliləmək lazımdır. Sistemi dəyişməyə çalışırıq, amma bunu planlı şəkildə edirik. Bizdə kəskin geriləmə baş verdi.
Qrupda birinci yeri tutduq. Bunu uğur hesab edirik. Qarşımıza məqsəd qoymuşduq və ona nail olduq. Bəli, UEFA Millətlər Liqasının formatını dəyişdi, amma biz öz vəzifəmizi yerinə yetirdik”.
O, azarkeşlərin Azərbaycan millisindən gözləntiləri mövzusuna da toxunub: “Azarkeşlərlə işləmək lazımdır. Biz Braziliya, Xorvatiya deyilik... Məqsədimiz dibdən qalxmaqdır. Futbolçu seçimimiz çox məhduddur. Bir futbolçu var ki, digərlərindən fərqlənir. Bu, Mahir Emrelidir. O, güclü çempionatda daim əsas heyətdə oynayır və yaxşı formadadır”.
Cahangir Fərəcullayevin fikrincə, U-15 dünya çempionatı üçün Hövsanda inşa edilən kompleks uşaq və yeniyetmə futbolunun inkişafına böyük təkan verəcək: “Bu, özümüzü reklam etmək və ya piar deyil. FIFA Hövsandakı işlərin sürətindən və keyfiyyətindən həqiqətən şoka düşmüşdü. Kompleks 66 günə tikildi. İndi orada bizim gənc futbolçular oynayacaq və məşq edəcəklər. Deyirlər ki, süni örtüklü meydançalarda zədələnmə riski təbii örtüklə müqayisədə xeyli yüksəkdir. Bu, mifdir. Əgər süni örtük yüksək keyfiyyətlidirsə, zədələnmə riskindəki fərq təxminən 1,5 faiz təşkil edir. Hətta “Barselona” və “Ayaks”da da süni örtüklü meydançalardan istifadə olunur. Çünki təbii örtüklərin saxlanılması daha çox vəsait tələb edir. Messi, Xavi və İnyesta da “Barselona”da süni örtüklü meydançalarda futbola başlayıblar.
Hazırda AFFA-nın müstəqil şəkildə stadionlar tikmək imkanları yoxdur. Avropa standartlarına görə, AFFA-nın büdcəsi orta səviyyədən aşağıdır. Gəncə və Xankəndidən sonra Gənclər və İdman Nazirliyinin planlarında Naxçıvanda stadion tikintisi də var”.
Baş katib futbola investisiya yatırılması baxımından “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi nümunə göstərib: “O, imkanların olduğunu gördü və bundan istifadə etdi. Hər bölgədə Ehtiram Quliyev kimi insanlara ehtiyacımız var. “Şahdağ-Qusar” ikinci “Turan Tovuz” ola bilər. “Gəncəbəsər” klubunda da yaxşı iş aparılır.
Anlamaq lazımdır ki, liqalarımızda klubların əksəriyyəti demək olar ki, gəlir əldə etmir. Dövlət dəstəyi dayandırılsa, klub futbolumuz uçuruma düşər və klub yarışlarında təxminən Gürcüstan səviyyəsində olarıq”.
Mənbə: qafqazinfo.az