Batumidəki qalmaqal Türkiyəni ayağa qaldırdı: TFF-dən UEFA-ya sərt mesaj

Batumidəki qalmaqal Türkiyəni ayağa qaldırdı: TFF-dən UEFA-ya sərt mesaj

Türkiyə Futbol Federasiyası (TFF) Gürcüstanın Batum şəhərində “Beşiktaş” və İsrail təmsilçisi “Hapoel Beer Sheva” arasında keçirilən qarşılaşma zamanı türk azarkeşlərə qarşı baş verən hadisələrlə bağlı sərt bəyanat yayıb.

Musavat.com xəbər verir ki, TFF oyundan əvvəl və qarşılaşma zamanı azarkeşlərə qarşı stadion daxilində və xaricində nümayiş etdirilən münasibəti, davranışları və müdaxilələri qətiyyətlə pisləyib.

Federasiya hadisələrin bütün təfərrüatlarının araşdırılması, məsul şəxslərin müəyyənləşdirilməsi və lazımi sanksiyaların tətbiqi üçün prosesi sona qədər izləyəcəyini bildirib.

TFF açıqlamasında hadisələrin ört-basdır edilməsinə, məsul şəxslərin cavabdehlikdən yayınmasına və oxşar halların təkrarlanmasına yol verilməməli olduğunu vurğulayıb.

“Başda UEFA olmaqla, bütün zəruri addımların atılması və məsul şəxslərin cavab verməsi üçün milli və beynəlxalq platformalarda qətiyyətlə fəaliyyət göstərəcəyik”, – deyə federasiyanın bəyanatında qeyd olunub.

TFF türk futbolunun təmsilçilərinə və azarkeşlərinə qarşı hörmətsizlik, ayrı-seçkilik və təhlükəsizlik qaydalarının pozulması qarşısında susmayacağını da bəyan edib.

Cavanşir Abbaslı
Musavat.com

Mənbə: musavat.com