Olimpiada qalibləri mükafatlandırıldı - Fotolar

Olimpiada qalibləri mükafatlandırıldı - Fotolar

İyunun 24-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Namiq Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər. Sonra Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

E.Əmrullayev olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.

Nazir son illərdə respublika fənn olimpiadalarında iştirak edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını və bu il sözügedən olimpiadalarda iştirakçı sayının 80 mini ötdüyünü diqqətə çatdırıb. Emin Əmrullayev bildirib ki, istedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək təhsilin əsas hədəflərindən biridir.

Nazir qalibləri və onların valideynlərini, müəllimlərini bir daha təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.Tədbirin rəsmi hissəsindən sonra qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ilində sözügedən olimpiadalarda 8 fənn üzrə ümumilikdə 95 nəfər qızıl, 170 nəfər gümüş və 249 nəfər bürünc medal qazanıb.

Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.



Mənbə: qafqazinfo.az