Tədqiqat müəllifləri bildirirlər ki, bu meyl atletika stadionlarından tutmuş buzüstü konkisürmə yarışlarına və bir çox avtomobil yarış trasına qədər müşahidə olunan istiqamət seçiminin təsadüfi olmadığını göstərə bilər.
33 təcrübədən 32-si eyni nəticəni göstərib
Alimlər nəticələri təsdiqləmək üçün İspaniya və Yaponiyada müxtəlif yaş, cins və iştirakçı qrupları ilə paralel təcrübələr aparıblar.
Ümumilikdə keçirilən 33 təcrübədən 32-də iştirakçıların böyük əksəriyyəti sola dönməyi seçib.
Tədqiqatın rəhbəri, professor Klaudio Feliçiani bildirib ki, bütün dəyişənlər nəzarətdə saxlanıldığı halda belə nəticə dəyişməyib.
Əvvəlcə alimlər insanların istiqamət seçimində bərabər paylanacağını gözləyirdilər. Lakin əldə olunan nəticələr bu ehtimalı təsdiqləməyib.
Tədqiqatçılar dominant gözün təsirini istisna etmək üçün iştirakçıların bir gözünü bağlayaraq təcrübələri təkrarlayıblar. Bununla yanaşı, Yerin maqnit sahəsinin və Koriolis qüvvəsinin mümkün təsirləri də araşdırılıb, lakin bu amillər müşahidə olunan nəticələri izah etməyib.
Uşaqlarda daha güclü müşahidə olunur
Araşdırmanın ən maraqlı nəticələrindən biri yaş amili ilə bağlı olub.
Kiçik yaşlı uşaqlar sola dönmək meylini ən güclü nümayiş etdirən qrup olublar. Yaş artdıqca isə bu instinktiv istiqamət seçimi tədricən zəifləyir.
Professor Klaudio Feliçiani qeyd edib ki, bir çox heyvan növündə hərəkət zamanı belə aydın istiqamət üstünlüyü müşahidə edilmir. Bu isə insanlara xas olan bu xüsusiyyətin bədən mexanikasında hələ tam öyrənilməmiş asimmetriya ilə bağlı ola biləcəyini göstərir.
Alimlər bu davranışın dəqiq səbəbinin hələ məlum olmadığını bildirir və məsələni araşdırmaq üçün yeni təcrübələrin planlaşdırıldığını qeyd edirlər.
Tədqiqat müəlliflərinin fikrincə, maraqlı məqamlardan biri də odur ki, bəşəriyyət əsrlər boyu stadionları və yarış traslarını layihələndirərkən bu meyldən intuitiv şəkildə istifadə etsə də, elm bu fenomeni yalnız indi sistemli şəkildə izah etməyə başlayır.(qaynarinfo)
Mənbə: olke.az