SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

Çərşənbə günü alimlər 2025-ci ildə iki özəl Ay aparatını kosmosa çıxarmaq üçün SpaceX raketinin istifadə olunmuş, uzunluğu təxminən 12 metr, çəkisi isə 4,5 ton olan yuxarı pilləsinin Ay səthinə düşməsini yaxından izləyəcəklər.

Bu barədə The Guardian nəşrindən məlumat verlib.

Kosmik obyektlərin hərəkətini izləyən mütəxəssis Bill Qreyin sözlərinə görə, raket pilləsi Ayın Yerə görünən tərəfində yerləşən Eynşteyn krateri yaxınlığında təxminən 8 700 km/saat sürətlə – yəni səs sürətindən təxminən yeddi dəfə yüksək sürətlə – səthə çırpılacaq.


Toqquşma nəticəsində təxminən 3 ton trotil partlayışına bərabər enerji ayrılacağı, diametri təxminən 27 metr, dərinliyi isə 5 metr olan krater yaranacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, toqquşma zamanı yaranacaq işıq parıltısı Yerdən müşahidə ediləcək qədər güclü olmayacaq. Lakin kosmosa qalxacaq toz və qaya parçaları teleskoplarla onlarla dəqiqə ərzində görünə bilər.

ABŞ-nin Los Alamos Milli Laboratoriyasının tədqiqatçısı Benjamin Fernando bildirib ki, Ayda cazibə qüvvəsinin zəif olması və küləyin olmaması səbəbindən toz uzun müddət havada qalacaq.

NASA-nın Lunar Reconnaissance Orbiter aparatı və Cənubi Koreyanın hazırladığı Danuri Ay zondu toqquşmadan əvvəl və sonra hadisə yerinin görüntülərini çəkərək onun nəticələrini müqayisə edəcək.


Bu, insan mənşəli obyektin Ay səthinə qeydə alınmış ikinci təsadüfi çırpılması olacaq. İlk belə hadisə 2022-ci ildə Çin raketinin bir hissəsinin Ayın görünməyən tərəfində iki krater yaratması ilə baş vermişdi.

SpaceX-in yuxarı raket pilləsi 15 yanvar 2025-ci ildə iki özəl Ay eniş aparatını kosmosa çıxarmaq üçün istifadə olunmuşdu.

Onlardan biri – ABŞ-ın Firefly Aerospace şirkətinin hazırladığı Blue Ghost aparatı – Ay səthinə tam uğurlu eniş edən ilk özəl kosmik aparat kimi tarixə düşüb. Digər aparat isə Yaponiyanın ispace şirkəti tərəfindən hazırlanmışdı və Ay səthinə eniş cəhdi zamanı qəzaya uğramışdı.

Mənbə: bizim.media