Rəqəmsallaşma və süni intellekt dövründə əsas məqsəd gəncləri ənənəvi üsullarla kitaba qaytarmaq deyil, Azərbaycan ədəbiyyatını onların gündəlik rəqəmsal həyatının ayrılmaz hissəsinə çevirməkdir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilarə Əliyeva “Rəqəmsallaşma və süni intellekt dövründə Azərbaycan dilində bədii ədəbiyyatın təbliği və oxu mədəniyyətinin inkişafı” mövzusunda fikirlərini bölüşərkən səsləndirib. O bildirib ki, müasir dövrdə oxucuların mütaliə vərdişləri dəyişib və elektron kitablar, audiokitablar, podkastlar, sosial media platformaları və digər rəqəmsal resurslar oxu mədəniyyətinin mühüm tərkib hissəsinə çevrilib. Buna görə də əsas məsələ ədəbiyyatın rəqəmsal mühitdə daha görünən, əlçatan və cəlbedici formada təqdim edilməsidir. Azərbaycan ədəbiyyatının vahid və elmi prinsiplərə əsaslanan rəqəmsal kitabxanasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Klassik və müasir ədəbiyyat nümunələri elektron formatda sistemli şəkildə təqdim olunmalı, mətnlər annotasiyalar, izahlar, lüğətlər və elmi şərhlərlə zənginləşdirilməlidir. Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif və digər klassiklərin irsi müasir oxucu üçün yalnız elektron formada deyil, həm də tarixi və mədəni kontekstlə birlikdə əlçatan olmalıdır. Bu yanaşma xüsusilə gənc nəslin klassik ədəbiyyata marağının artmasına xidmət edəcək.
Müsahibimizin sözlərinə görə, audiokitab və podkast mədəniyyətinin inkişafı, yazıçılar və ədəbiyyatşünaslarla audiovizual layihələrin hazırlanması, habelə sosial mediada qısa və yaradıcı məzmunların paylaşılması mütaliə mədəniyyətinin genişlənməsinə mühüm töhfə verə bilər.
Dilarə Əliyeva süni intellekt texnologiyalarının da bu istiqamətdə geniş imkanlar yaratdığını vurğulayıb. O bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərən süni intellektəsaslı platformalar oxuculara əsər seçimi, müəlliflər haqqında məlumat, mətnlərin izahı və tematik tövsiyələr təqdim edə bilər. Bununla yanaşı, texnologiyanın bədii əsərin özünü əvəz etməməsinin vacibliyini qeyd edən alim bildirib ki, süni intellekt oxucunu orijinal mətnə istiqamətləndirən vasitə kimi çıxış etməlidir. Onun fikrincə, məktəb və ali təhsil müəssisələrində rəqəmsal və ədəbi savadlılığın inkişaf etdirilməsi, gənclərə süni intellektdən əldə olunan məlumatları orijinal mətnlə müqayisə etmək bacarığının aşılanması müasir dövrün vacib tələblərindəndir. Azərbaycan dilinin süni intellekt sistemlərində daha güclü təmsil olunması üçün klassik və müasir ədəbiyyat əsasında keyfiyyətli rəqəmsal mətn korpuslarının yaradılması strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr, ali təhsil ocaqları, kitabxanalar, nəşriyyatlar, media və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi vacibdir.
O vurğulayıb ki, elektron kitab, audiokitab və süni intellekt ənənəvi kitabın alternativi deyil, onu tamamlayan vasitələrdir. “Əsas məqsəd Azərbaycan dilində bədii ədəbiyyatı rəqəmsal dünyanın canlı, əlçatan və nüfuzlu mədəniyyət komponentinə çevirməkdir. Texnologiya oxucunu kitaba gətirə bilər, amma kitabı sevdirmək yenə də ədəbiyyatın öz gücündən asılıdır”, - deyə Dilarə Əliyeva bildirib.
Mənbə: publika.az