Bu ölkədə uşaqlara sosial şəbəkə qadağası rədd edildi

Bu ölkədə uşaqlara sosial şəbəkə qadağası rədd edildi

Fransa Konstitusiya Şurası 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu konstitusiyaya zidd hesab edib.

Hakimlər qərarın ifadə və məlumat yaymaq azadlığına “qeyri-mütənasib müdaxilə” olduğunu bildiriblər.

Qeyd edək ki, Fransa parlamenti qanunu iyulun 21-də qəbul etmişdi. Qanuna əsasən, sentyabrın 1-dən 15 yaşdan aşağı uşaqların yeni sosial şəbəkə hesabları yaratması qadağan edilməli, 2027-ci ilin yanvarından isə məhdudiyyət mövcud hesablara da şamil olunmalı idi.

Konstitusiya Şurası hesab edib ki, bu qadağa həddindən artıq sərtdir. Belə ki, azyaşlılar üçün təhlükəsi sübut olunmayan bəzi xidmətlər də məhdudiyyətə düşə bilər. Təhsil resursları üçün nəzərdə tutulan istisnaların kifayət qədər geniş olmadığı, yaşın yoxlanılması mexanizminin isə tam işlənib hazırlanmadığı vurğulanıb.

Xatırladaq ki, dünyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə ilk dəfə Avstraliya qadağa qoyub. Qanun 2025-ci ilin dekabrında qüvvəyə minib. Qaydaları pozan platformaları 49,5 milyon Avstraliya dollarınadək cərimə gözləyir.


Mənbə: unikal.az