Çin kosmik texnologiyalar sahəsində növbəti böyük uğura imza atıb.
Musavat.com xəbər verir ki, oktyabrın 25-də Çinin Haynan adasındakı kommersiya kosmodromundan “Chang Zheng-8A” (Uzun yürüş-8A) daşıyıcı raketi uğurla buraxılıb.
Raket aşağı Yer orbitində yaradılan internet şəbəkəsinin 28-ci peyk qrupunu nəzərdə tutulan orbitə çatdırıb. Buraxılış plan üzrə həyata keçirilib və missiya uğurla başa çatdırılıb.
Qeyd edək ki, aşağı Yer orbitində yerləşdirilən internet peykləri Yer səthinə nisbətən yaxın məsafədə fəaliyyət göstərir. Bu, rabitə siqnallarının gecikməsini azaltmağa və yüksək sürətli internet xidmətlərinin göstərilməsinə imkan yaradır.
Belə peyk şəbəkələri xüsusilə ucqar yaşayış məntəqələrinin, dəniz və hava nəqliyyatının internetlə təmin olunmasında mühüm rol oynayır.
Çin bu layihə vasitəsilə qlobal peyk interneti bazarında mövqeyini gücləndirməyi və ABŞ-nin “Starlink” şəbəkəsi ilə rəqabət imkanlarını artırmağı hədəfləyir.
Musavat.com
Mənbə: musavat.com