Avropada şəhər sakinlərinin təxminən yarısı orta gəlirlə sahəsi 50 kvadratmetrdən az olan mənzil ala bilir. Avropalıların 39%-i isə hətta bu ölçüdə evi kirayələmək imkanına malik deyil.
Bu, Vyana Texniki Universitetinin alimlərinin 30-dan çox Avropa ölkəsində daşınmaz əmlak və gəlir göstəriciləri əsasında apardığı araşdırmada üzə çıxıb.
Tədqiqatçılar 22 milyona yaxın mənzil satışı və kirayə elanı əsasında hesablayıblar ki, orta gəlirli şəxsin 30 illik ipoteka götürdüyü və illik gəlirinin üçdə birini kredit ödənişinə ayırdığı halda, hansı sahədə ev ala bilər.
Nəticələrə görə, Avropanın şəhər əhalisinin 44%-i orta gəlirlə 50 kvadratmetrdən az sahəsi olan mənzilin əlçatan olduğu şəhərlərdə yaşayır. Avropalıların 70%-dən çoxu isə ipoteka ilə 75 kvadratmetrdən böyük olmayan mənzil ala biləcəyi regionlarda yaşayır.
Ən ciddi vəziyyət Paris, Berlin və Madrid ətrafında
Mənzil əlçatanlığı problemi xüsusilə paytaxtlarda və böyük şəhərlərdə daha kəskin hiss olunur. Ən problemli ərazilər sırasında Paris, Berlin və Madrid ətrafındakı bölgələr göstərilir.
Araşdırmada Portuqaliya, Polşa və Niderland mənzil almaq imkanlarının xüsusilə zəif olduğu ölkələr sırasında qeyd edilir. Turizm bölgələrində isə ikinci evlərin sayının çoxluğu və qısamüddətli kirayə bazarı yerli sakinlər üçün mənzil təklifini azaldır və qiymətlərin yüksəlməsinə səbəb olur.
Alimlərin fikrincə, mənzil böhranı təkcə daşınmaz əmlakın bahalığı ilə deyil, həm də gəlirlərin səviyyəsi ilə bağlıdır. Buna görə də problemin həlli üçün həm mənzil qiymətləri, həm də insanların alıcılıq imkanları nəzərə alınmalıdır.
Tədqiqatın müəllifləri turistik bölgələrdə qısamüddətli kirayə bazarının və ikinci evlərin tənzimlənməsini mümkün həll yollarından biri hesab edirlər.
Müəllif: Adəm Abbaslı
Mənbə: publika.az