Hörmüz boğazında gərginlik artır: 11 ticarət gəmisi hücuma məruz qalıb

Hörmüz boğazında gərginlik artır: 11 ticarət gəmisi hücuma məruz qalıb

Oktyabrın əvvəlindən etibarən Hörmüz boğazında və ona bitişik ərazilərdə 11 ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatlarında bildirilir.

Hücumlar, əsasən, xam neft daşıyan tankerlərə qarşı həyata keçirilib və demək olar ki, hər gün qeydə alınıb. ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, hücumların həm İran, həm də ABŞ tərəfindən həyata keçirildiyi bildirilir. Pentaqonun iddiasına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı pozan və ya İrana hərbi dəstək göstərən gəmilərə zərbələr endirib.

“Lloyd’s List Intelligence” analitik xidmətinin məlumatlarına görə, gəmilərə hücumların sayının artmasına baxmayaraq, dəniz nəqliyyatının intensivliyi yüksəlməkdə davam edir. Yaxın Şərqdən xam neft ixracının həcmi də müharibədən əvvəlki göstəricilərə yaxınlaşır.

Məlumata əsasən, sentyabrın 28-dən ötən çərşənbə gününədək Hörmüz boğazından ümumilikdə 143 gəmi keçidi qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə üç keçid çoxdur. Həmin dövrdə şərq istiqamətində gəmi keçidlərinin sayı 7,1 faiz artıb, qərb istiqamətində isə 4,2 faiz azalıb.

“Lloyd’s List Intelligence” ekspertləri Yaxın Şərqdən xam neft ixracının artmasını xüsusi daşınma sxemi ilə əlaqələndirirlər. Bu sxemə əsasən, gəmilər Fars körfəzindəki limanlardan neft götürərək Hörmüz boğazından keçir. Onlar çox vaxt avtomatik identifikasiya sistemlərini söndürür, daha sonra isə Ərəbistan dənizində nefti bir gəmidən digərinə ötürürlər.

Günay Əli

KONKRET.az

Mənbə: konkret.az