Artıq bir müddətdir ki, banklar verilən kreditləri sığortalayır. Təbii ki, müştərinin razılığı ilə...
Əslində kreditlərin sığortalanması həm banklar, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki müəyyən hallarda sığortalanmış krediti vətəndaş yox, şirkət qaytarır.
Təsadüfi deyil ki, kreditlərin sığortalanmasında sonra bankların bəzi hallardakı tərəddüdləri aradan qalxıb.
Artıq pensiyaçılara da kreditlərin verilməsində heç bir problem yoxdur.
Mövzu ilə bağlı danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, yeni qaydalara görə kredit götürmüş şəxs dünyasını dəyişərsə, onun borcunu sığortaçı şirkət ödəyir:
“Halbuki, əvvəllər bu ciddi problem idi. Vətəndaş dünyasını dəyişən zaman kredit öhdəliyinin icrası üçün bank vətəndaşın ailə üzvləri ilə uzun çəkişməyə girir, bəzi hallarda bu çəkişmə məhkəməyə qədər gedib çıxırdı. Amma indi vəziyyət fərqlidir. Əgər vətəndaş götürdüyü krediti sığortalayıbsa, o zaman o dünyasını dəyişdiyi halda banka qalan borcu sığorta şirkəti ödəyir.
Ümumiyyətlə, kreditlərin sığortalanması müsbət haldır. Bu vətəndaşa müəyyən xərclər gətirsə də, sonrakı peşmançılıqdan qoruyur. Vətəndaş iş qabiliyyətini itirəndə də krediti borcunu sığorta şirkəti ödəyir. Bir sözlə, kreditin sığortalanması vətəndaşı və bankı bir çox xoşagəlməz hallardan müdafiə edir. Üstəlik, bu qayda pensiyaçılar üçün kreditləri tamamilə əlçatan edib”.
Mənbə: bizim.media