Azərbaycanda tikinti sektorunda iqtisadi aktivlik zəifləyib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında tikinti sahəsində 6 milyard 320 milyon manatlıq əlavə dəyər yaradılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8% azdır.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektorunda əlavə dəyər 6 milyard 681,2 milyon manat təşkil edib.
Beləliklə, müqayisəli qiymətlərlə sektorun istehsal etdiyi əlavə dəyərdə azalma müşahidə olunub.
Qeyd edək ki, tikinti sahəsi ümumi daxili məhsulun 5,5%-ni təşkil edir.
Bəs, tikinti sektorunda iqtisadi aktivliyin azalması hansı problemlər yarada bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, tikinti sektorunda iqtisadi aktivliyin 6,8 faiz azalması təəssüf doğurur:
“Bu daşınmaz əmlak bazarı üçün ciddi bir siqnaldır. Çünki tikinti sektoru həm iqtisadiyyatın bir hissəsidir, həm də mənzil bazarındakı münasibətlərə birbaşa təsir göstərir. Yəni daşınmaz əmlak bazarındakı vəziyyət daha çox tikinti sektorundakı vəziyyətdən asılıdır. Əgər tikinti sektorunun həcmi və coğrafiyası genişlənirsə, bu ilk növbədə daşınmaz əmlak bazarında təkliflərin artmasına imkan yaradır.
Təklifin çox olması da təbii ki, qiymətlərin tənzimlənməsini təmin edir. İndiki vaxtda daşınmaz əmlak bazarında təklif azalıb. Bu da yeni bahalaşma dalğası yarada bilər. İndiki vəziyyətdə tələb öz səviyyəsini qoruyursa və tələbə qarşı lazımi təklif yoxdursa, bu, qiymət artımını qaçılmaz edir”.
Bu vəziyyətin hansı yan təsirləri ola bilər?
Müsahibimiz bildirib ki, tikinti sektorunda aktivliyin zəifləməsi tikinti şirkətlərinin maliyyə vəziyyətlərini də ağırlaşdırır:
“Maliyyə də tikinti xərclərinin bölüşdürülməsində və tikintinin vaxtında başa çatdırılmasında mühüm amildir. Bundan əlavə, tikinti sektorunda hazırda 300 mindən artıq insan çalışır. Sektorun geriləməsi bu sahədə çalışanların maddi vəziyyətinə də təsir göstərəcək. Ən əsası iqtisadiyyat kiçiləcək. Bunun da yan təsirləri kifayət qədər çox ola bilər”.
Mənbə: bizim.media