Yeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul modelinə keçid nəzərdə tutulur.
Bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır
Ekspert yeni imtahan modelinə keçid zamanı qiymətləndirmə mexanizminin düzgün qurulmasının vacibliyini vurğulayıb:
“Yeni imtahan modelinə keçid zamanı bir məqamı diqqətdən kənarda saxlamaq olmaz. Qiymətləndirmə mexanizmi düzgün qurulmalıdır. İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır. Əks halda, yeni tipli qəbul imtahanlarında müəyyən problemlər yarana bilər. Məsələn, Dövlət İmtahan Mərkəzi açıq tipli sualları markerlər vasitəsilə yoxlayır. Yəni burada insan faktoru mövcuddur.
Bu isə bəzən yanlış qiymətləndirmə hallarına səbəb olur. Abituriyentlər apellyasiya mərhələsinə müraciət etdikdə bəzi cavabların səhv yoxlanıldığı üzə çıxır və həmin şagirdlərin balları bərpa olunur. Bu, hələ yalnız açıq tipli yazılı suallarla bağlıdır. Əgər gələcəkdə şifahi nitqin qiymətləndirilməsi və biliklərin tətbiqinə əsaslanan tapşırıqlar da imtahan modelinə daxil ediləcəksə, bu prosesin elektronlaşdırılması daha da vacib olacaq. Beləliklə, həm şagirdlərin vaxt itkisi azalar, həm də imtahan nəticələrinin daha qısa müddətdə yoxlanılması mümkün olar”.
Məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramı uzlaşdırılmalıdır
Ramin Nurəliyev məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramının uzlaşdırılmasının digər vacib məsələ olduğunu qeyd edib: “Hazırda qəbul imtahanlarının proqramı orta məktəb proqramı əsasında formalaşdırılır. Lakin burada sistemin özündə müəyyən problemlər var. Bunu sadə bir nümunə ilə izah edim. Azərbaycan dili fənnini götürək. Şagird fonetika və leksika bölmələrini 5-ci sinifdə, nitq hissələrini 6-7-ci siniflərdə, söz birləşmələri və cümlə üzvlərini isə 8-ci sinifdə öyrənir. Həmin şagird 10-11-ci siniflərdə universitetə hazırlaşmağa başlayır. Onun 5-ci sinifdə keçdiyi fonetika mövzularını, 6-7-ci siniflərdə öyrəndiyi digər qaydaları illər sonra xatırlaması nə dərəcədə realdır?
Nəticədə şagird həmin mövzuları yenidən öyrənmək üçün əlavə dəstəyə ehtiyac duyur. Bunun üçün ya repetitor yanına getməli, ya da hazırlıq kurslarına müraciət etməlidir. Mövcud proqramın quruluşu şagirdləri əlavə hazırlığa yönəldir. Məsələn, hazırda qəbul proqramının cəmi 5-6 faizi 10-11-ci siniflərin tədris materiallarını əhatə edir. Bu isə o deməkdir ki, 10-cu sinfə çatan şagird qəbul proqramının böyük hissəsini əvvəlki siniflərdə öyrəndiyi mövzulardan təkrar mənimsəməli olur.
Elm və Təhsil Nazirliyi hazırda təmayül sinifləri və məktəbləri yaradır. Bu məktəblərdə tədris müəyyən qədər ali təhsilə hazırlıq istiqamətində qurulur. Hesab edirəm ki, bu yanaşma mərhələli şəkildə bütün orta ümumtəhsil məktəblərinə şamil edilməli, tətbiq imkanları genişləndirilməlidir. Bunun müsbət nəticələrini yaxın gələcəkdə görə bilərik”.
Beynəlxalq imtahan nəticələri ilə qəbul imkanları yaradılmalıdır
Ekspert beynəlxalq imtahan nəticələrinin tanınmasını da vacib məsələlərdən biri hesab edir: “SAT, IELTS və TOEFL imtahanlarının nəticələri əsasında Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanlarının yaradılmasını mümkün hesab edirəm. Lakin biz öz kimliyimizi, milli qəbul sistemimizi və imtahan modelimizi ikinci plana keçirməməliyik. Mən bir qədər vətənpərvər ruhlu insanam və düşünürəm ki, SAT və digər beynəlxalq imtahanlara üstünlük verərək öz qəbul sistemimizi arxa plana keçirmək doğru yanaşma olmaz.
Bəli, SAT, IELTS və TOEFL nəticələrinə əsasən universitetlərdə ayrıca plan yerləri ayrıla bilər. Məsələn, tədrisi ingilis dilində aparılan ixtisaslar üzrə bu nəticələr əsasında qəbul həyata keçirilə bilər. Həmin seçimdən keçməyən abituriyentlər isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edə bilərlər”.
Qəbul imtahanlarında fənlərin sayı azaldılmalıdır
Ramin Nurəliyev qəbul imtahanlarında 5-6 fənnin olmasının tərəfdarı olmadığını, imtahanların sadələşdirilməsinin vacibliyini vurğulayıb: “Beynəlxalq təcrübədə universitetə qəbul nisbətən asanlaşdırılır, universitetdə təhsil almaq isə çətinləşdirilir. Bizdə isə bunun tam əksi müşahidə olunur: universitetə qəbul çətinləşdirilib, ali təhsil müəssisələrində oxumaq isə nisbətən asanlaşdırılıb. Bu yanaşmadan uzaqlaşmalıyıq. Buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndirmə aparıldıqdan sonra qəbul mərhələsində hər ixtisas qrupuna uyğun əlavə fənlər müəyyənləşdirilə bilər. Hətta ayrıca blok imtahanına ehtiyac olmadan, vahid formatda imtahan keçirilməsi də mümkündür. Məsələn, birinci ixtisas qrupunda riyaziyyat və kimya altqrupu üzrə kimya, informatika altqrupu üzrə isə informatika əlavə edilə bilər. Beləliklə, hər iki altqrup üçün dörd fənn kifayət edər. İkinci ixtisas qrupunda coğrafiya, üçüncü ixtisas qrupunda tarix, dördüncü ixtisas qrupunda isə biologiya əlavə edilə bilər. Hesab edirəm ki, bu format kifayət qədər məqsədəuyğundur. Beş-altı fənn üzrə imtahan həm valideynlər, həm də şagirdlər üçün əlavə yük yaradır".
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları dəyişdirilməlidir
Ekspert jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının mövcud keçirilmə qaydasını da düzgün hesab etmədiyini bildirib:
“Hazırda qabiliyyət imtahanında əsasən mətn yazılır, inşa formatında tapşırıq verilir və namizədin qabiliyyəti bu yazıya əsasən qiymətləndirilir. Halbuki jurnalistin danışıq qabiliyyəti, nitqi də mükəmməl olmalıdır. Biz yalnız yazı nümunəsinə əsasən yüksək bal toplayan şəxsi jurnalistika ixtisasına qəbul edirik. Amma həmin şəxsin danışıq qabiliyyətinin zəif olması, nitqində problemlərin mövcudluğu mümkündür. Ona görə də məsələyə daha dərindən yanaşmaq lazımdır.
Bu gün Dövlət İmtahan Mərkəzi test modeli ilə yanaşı, digər imtahan formatlarından da istifadə edir. Məsələn, inşa, esse tipli tapşırıqlar və açıq suallar tətbiq olunur. Lakin yalnız universitetlərə qəbul imtahanlarında deyil, ali təhsil müəssisələrində keçirilən semestr imtahanlarında da bu modelin tətbiqi genişləndirilə bilər”.
Mənbə: qafqazinfo.az