Azərbaycanda nağd ödəniş azalır

Azərbaycanda nağd ödəniş azalır

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə əsasən, son 4 ildə Azərbaycanda bank kartlarının sayı 2021-ci ilin I rübünün sonu (10 126 070 kart) ilə müqayisədə 2 dəfədən çox, daha dəqiq desək, 10 333 840 ədəd artıb. Bu da o deməkdir ki, ölkədə adambaşına düşən aktiv bank kartlarının sayı təxminən 2-yə bərabərdir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Təhlil.az” məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin I rübünün sonuna olan məlumata görə, ölkədə aktiv olan bank kartlarının sayı son bir ildə 17,4% və ya 3 038 782 ədəd artaraq 20 459 910-a çatıb. Ötən ilin I rübündə isə bu göstərici 17 421 128-ə bərabər idi.

Rəsmi rəqəmlərə əsasən, hazırda Azərbaycanda aktiv olan bank kartlarının böyük hissəsini debet kartlar təşkil edir. Ölkədəki aktiv bank kartlarının 88,87%-i və ya 18 181 786ədədi məhz debet kartlardır. Kredit kartlarının sayı 2 278 124-ə bərabərdir ki, bu da ümumi kart sayının 11,13%-i deməkdir.

Əhalinin istifadəsində olan çoxsaylı debet kartların 18,63%-ni və ya 3 387 683 ədədini sosial kartlar (pensiya, müavinət və s.), 15,99%-nii və ya 2 906 633 ədədini isə əməkhaqqı kartları təşkil edir. Qalan 11 884 470 debet kart isə əhalinin əlavə istifadə üçün banklardan aldığı debet kartlardır. Bu kartlar ümumi debet kartların 65,38%-nə bərabərdir.

Hər ötən il ərzində bank kartları ilə edilən nağdsız ödəmələrin həcmində sürətli artım qeydə alınır. Belə ki, cari ilin yanvar-mart aylarında ölkədaxili aparılan nağdsız əməliyyatların həcmi 20,6 milyard manat (20 595 819 549 ₼) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% və ya 4,4 milyard manat (4 398 861 769 ₼) çoxdur.

Xatırladaq ki, 2021-ci ilin I rübündə ölkədə qeydə alınan nağdsız ödənişlərin həcmi cəmi 2,08 milyard dollar təşkil edirdi. Bu o deməkdir ki, cari ilin I rübündə qeydə alınan göstərici 4 il əvvəlki ilə müqayisədə 9,9 dəfə və ya 18,52 milyard manat (18 518 958 591 ₼) artıb.

Son 5 ilin I rübündə ölkədə istifadədə olan bank kartları ilə aparılan nağdsız əməliyyatların həcmi (milyard manat)

Digər maraqlı göstərici əhalinin bank kartlarındakı vəsaitini nağdlaşdırması ilə bağlı olub.

2021-ci ilin I rübündə əhali bank kartlarındakı vəsaitin cəmi 26,98%-ni nağdsız ödənişlərdə istifadə edirdisə, 2025-ci ilin I rübündə bu göstərici 67,04%-ə bərabər olub.

Cari ilin I rübündə ölkədə bank kartları vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi isə ümumi kart əməliyyatları həcminin 32,96%-ni təşkil edib.

Son 5 ilin I rübündə ölkədə istifadədə olan bank kartları ilə aparılan bütün əməliyyatların payı

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycan aktiv bank kartı sayına görə digər ölkələri geridə qoyub. 2025-ci ilin I rübünün sonuna olan məlumata əsasən, Azərbaycandakı aktiv bank kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% və ya 3 038 782 ədəd artaraq 20 459 910-a çatıb.

Gürcüstanda son bir ildə bank kartlarının sayı 11,4% və ya 1 021 537 ədəd artaraq 9 980 643-ə bərabər olub.

Ermənistan Mərkəzi Bankının son məlumatına əsasən, ötən ilin sonunda bu ölkədəki bank kartlarının sayı 4 327 728 ədəd təşkil edib. Bu say son bir ildə 16,3% və ya 605 676 ədəd artıb.

Mənbə: qafqazinfo.az