“Peşmanlıqlarım çoxdur, amma xəcalətim yoxdur. Xəcalət çəkəsi heç nə etmirəm mən”.
Bu sözləri müğənni Fədayə Laçın “AStar tv” proqramında qonaq olarkən deyib.
2017-ci ildə başına gələnlərdən və həbs edilməsindən danışan müğənni bütün bunları normal qəbul etdiyini bildirib: “Başıma gələn hər bir şeyi normal qəbul edirəm və hər bir bəlada hikmət görmüşəm. Mən başıma gələn hər bir çətinlikdə, ziyanda bir xeyir görmüşəm. Mən o hadisədə, başıma bəla gələndə insanları tanıdım. Şad günümdə hamı mənlə olurdu, işığıma yığışırdı. Mənə qaranlığımdan qorxmayan insan lazımdır.
Bəlkə daha başqa cür şeylər ola bilərdi. O hadisələrdə mən də ölə bilərdim. Mən hər şeyə səbirlə yanaşıram. Aqressiv deyiləm, məni özümdən tez çıxarmaq asan deyil.
Qadının başına belə hadisə gələndə adətən ona nifrət edilir. Amma mən bu hadisədən sonra sanki daha çox sevildim. Çıxandan sonra da daha da hörmətli oldum. İndi də hara getsəm hörmətlə qarşılanıram.
Etməməli idim, etdim. Düşünmədən, istəmədən oldu”.
Qeyd edək ki, 2017-ci ildə paytaxtda baş vermiş məhbusların qaçışı hadisəsi ilə bağlı açılan cinayət işi çərçivəsində müğənni Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 2 ilə endirdi və sənətçi cəza müddətini tamamlayaraq 2019-cu ildə Bakı İstintaq Təcridxanasından azadlığa buraxıldı.
Mənbə: qafqazinfo.az