Alimlər qədim Pompey şəhərinin qoxusunu tapdı - 2 min il əvvəl...

Alimlər qədim Pompey şəhərinin qoxusunu tapdı -

Təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan Pompey şəhərinin sakinlərini hansı qoxuların əhatə etdiyi müəyyənləşdirilib.

Xarici mediaya istinadən xəbər verilir ki, Sürix Universitetinin alimləri qədim dini mərasimlər zamanı istifadə olunan iki terakota buxurdanın (üzərində və ya içində buxur (ətirli qatran) yandırılan xüsusi qab) qalıqlarını araşdırıblar.

Mütəxəssislər müəyyən ediblər ki, romalılar evlərdə keçirilən dini ayinlər zamanı palıd ağacı, dəfnə yarpaqları, tut ağacı və müxtəlif aromalı qatranları yandırıblar. Bu maddələr yandırıldıqda limon qabığını və iynəyarpaqlı ağacları xatırladan sitruslu, odunlu və qatranlı qoxular yayıb.

Buxurdanlardan birində həmçinin üzümün emalından alınan məhsulların, ehtimal ki, şərab və ya sirkənin izləri aşkarlanıb. Onların da ayinlər zamanı tanrılara təqdim edildiyi güman olunur.

Araşdırmanın ən maraqlı nəticələrindən biri aromalı qatranın mənşəyi ilə bağlı olub. Alimlərin fikrincə, bu maddə Roma imperiyasının əsas buxur mənbələrindən biri olan Cənubi Ərəbistandan deyil, Hindistan və ya Afrikanın cənubundakı bölgələrindən gətirilib.

Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı qədim romalıların ticarət əlaqələrinin nə qədər geniş olduğunu da göstərir.

Alimlərə görə, qədim Pompey şəhərində evlərdə keçirilən mərasimlər zamanı ağac, ot, şirin və yüngül sitrus qoxularının qarışığı hiss olunurdu.

Qeyd edək ki, tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc olunub.

Adəm

Mənbə: publika.az