Kim Kardaşyanın təsis etdiyi SKIMS brendi 148 dollara satılan Milad advent təqvimi səbəbindən alıcıların kütləvi etirazı ilə üzləşib. Müştərilər bahalı hədiyyə dəstinin içindən ucuz və gündəlik istifadə üçün nəzərdə tutulan xırda əşyaların çıxmasına qəzəbləniblər.
12 bölmədən ibarət olan bayram dəstində alıcılar Milad bayramına qədər hər gün bir bölməni açaraq sürpriz hədiyyə əldə etməli idilər. Lakin qutular açıldıqdan sonra içəridən bahalı aksessuarlar əvəzinə adi saç rezinləri, sancaqlar, breloklar və digər xırda əşyalar çıxıb.
Qalmaqal xüsusilə "TikTok"da yayılan bir video ilə böyüyüb. Dəstin açılışını əks etdirən görüntülər 64 milyondan çox baxış toplayıb. İstifadəçilər hədiyyələri ucuz qiymətli məhsullar satan mağazalardakı əşyalarla müqayisə edərək brendi məhsulun qiymətini süni şəkildə şişirtməkdə ittiham ediblər. Bəzi alıcılar isə pullarının geri qaytarılmasını tələb ediblər.
Artan narazılıqdan sonra SKIMS rəhbərliyi dəstin müştərilərin gözləntilərini doğrultmadığını etiraf edərək rəsmi üzrxahlıq edib.
Şirkət narazı alıcılara iki seçim təklif edib: məhsulu geri göndərərək ödədikləri məbləği tam geri almaq və ya dəsti özlərində saxlayaraq xərclədikləri pulun hamısını gələcək alış-verişlər üçün kredit şəklində əldə etmək.
Qalmaqala səbəb olan advent-tıqvimi artıq brendin satış saytından çıxarılıb. Şirkət növbəti kolleksiyaların hazırlanmasında müştərilərin rəylərinin nəzərə alınacağını bildirib.
Mənbə: publika.az