İndi Baboş Babəkdən daha məşhurdur...

İndi Baboş Babəkdən daha məşhurdur...

- Əsmət, bura gəl! Bilirsən, nə olub? 

Rəfinin səsi redaksiyanı bürümüşdü. 

Heç vaxt soyuqqanlılığını itirməyən rəhbərimiz də əl-ayağa düşdü:

“Nə olub? Manşetlik xəbər var?”

Sayca çox da böyük olmayan kollektivimiz bir anın içində Rəfinin ətrafında cəm oldu. 

Özünü asan, binadan atan, aləmi bir-birinə qatan yox idi. 

Bəs nə baş vermişdi? Gənc və perspektivli müxbirimizi bu qədər həyəcanlandıran nə olmuşdu? 

Nigaran baxışların üzünə zilləndiyini görəndə izahat verməli oldu: 

“Baboş canlı yayımdadır”. 

Hamıdan əvvəl mən dilləndim: 

“Baboş kimdir?”

Gözünü bərəldib üzümə elə baxdı ki, sanki böyük bir qəbahətə yol vermişdim. Bəlkə də ürəyində məni qınadı, cahilliyimə güldü. Amma mədəni və mərifətli gənc olduğu üçün bunu büruzə vermədi. 

Hamının köməyinə çatan Əsmətxanım bu dəfə mənim dadıma yetdi:

“Baboş tiktokerdir, sizdən, məndən çox qazanır”. 

Demək olar ki, tiktokerlərin heç birini tanımıram. Baboşun adını isə ilk dəfədi eşidirdim. Soruşmaq məcburiyyətində qaldım: 

“Baboş deyilən bu adam nə iş görür?” 

Rəfi telefonun ekranını mənə tərəf çevirdi. Gözucu nəzər saldım. Kişi qiyafəsində olan bir nəfər arvad kimi yer süpürürdü. Diksinib, geri çəkildim:

“Telefonu o tərəfə elə…” 

Rəfi bu dəfə incikliyini gizlədə bilmədi:

“Ay Seymur müəllim, niyə elə deyirsiniz? Bu dəqiqə canlı yayımda Baboşu 5 min adam izləyir”. 

Elnur Məmmədlinin müdaxiləsindən sonra hər kəs öz masasına döndü. Kompüterimin qarşısında yerimi rahatlayandan sonra ilk işim Baboş haqda məlumat toplamaq oldu. Və beləcə, nə qədər bədbəxt cəmiyyət olduğumuza bir daha əmin oldum. 

Son günlər Baboşun adı yenə gündəmdən düşmür. O bu dəfə, “Port Baku”da mənzil sahibi olması ilə gündəmə gəlib. Deyilənə görə, evi özü almayıb, hansısa pərəstişkarı bağışlayıb… 

Mən artıq heç nəyə təəccüblənmirəm. Əminəm ki, indi Azərbaycanda Baboş Babəkdən daha yaxşı tanınır. Əgər Baboş alimdən, şairdən, yazıçıdan, bəstəkardan yaxşı tanınırsa, yaxşı da yaşamalıdır. Baboşla bir dövrdə yaşamaq isə bizim taleyimizdir...

Günahımız nədir? Niyə Allahın bəxş etdiyi ömrü bu cür mənasız adamlarla bir yerdə keçiririk? 

Bilmirəm! 

Amma çox qorxuram! 

Səbəbini deyim: Biz orta məktəbdə oxuyanda tez-tez Babəkdən inşa yazırdıq. Belə getsə, bir müddət sonra uşaqlar Baboşdan yazacaq. Necə ki, mən bu gün ərinməz-ərinməz yazdım... 

Seymur VERDİZADƏ 

 

 

Mənbə: yenisabah.az