Afət Fərmanqızı etiraf etdi: 5 ildir ki... – ÖZƏL AÇIQLAMA

Afət Fərmanqızı etiraf etdi: 5 ildir ki... – ÖZƏL AÇIQLAMA

Müğənni Afət Fərmanqızı Novruz bayramı münasibətilə ilə “Yeni Sabah”a öz təbriklərini çatdırıb və bu gözəl günlərlə bağlı xatirələrini bölüşüb.

İfaçı həm Moskvada, həm də Azərbaycanda bayram ab-havasını hiss etdiyini vurğulayıb:

“Həm sizin, həm də oxucularınızın bayramını təbrik edirəm. Mən iki gündür Azərbaycandayam. Ev-eşik təmizlətməyə, ən əsas isə diş həkimi üçün gəlmişəm. Həkimim buradadır. Yoldaşımla birgə gəlmişəm. Həm burada, həm Moskvada Novruzun gəlişi hiss olunur. İstər evlərdə olan səməni ilə, istərsə də dünyadan köçən yaxınlarımızın məzarını ziyarət etməklə adətlərimizi yerinə yetiririk”.

A.Fərmanqızı uşaqlıq illərindəki bayram günlərini belə xatırlayır:

“Kənd və şəhərdə bayram çox fərqli keçir. Biz uşaqlıqda bayramları kənddə keçirərdik. Baca-baca deyilən bir adətimiz var idi. Torba götürüb qapılara gedərdik. Orada heç kimin hasarı yox idi. Torbanı atıb gizlənməzdik. Əlimizdə aparıb qapını döyüb payımıza düşəni istəyərdik. Ev yiyələri də adambaşına ya şokolad, ya da bişirilən şirniyyatlardan verərdilər. Bizim o vaxtlar Novruzda oxuduğumuz xüsusi mahnımız da var idi. 3-4 saata 4-5 kənd dolaşıb bayrampayımızı toplayardıq. Qapı da pusurduq. Oradan eşitdiyimiz sözləri də niyyətimizə yozurduq. Hətta mənim anam iki oğlu olandan sonra yenidən övladı olub-olmayacağını öyrənmək üçün niyyət tutub. Gedib nənəgilin qapısını pusmağa və orada eşidib ki, nənəm mənlə qardaşıma deyir ki, “hərənizə biri”, ondan sonra da bir qız və bir oğlan uşağı daha dünyaya gəlib. Mən isə Bakıya köçəndə qapı pusmuşdum. Qonşumuzda bir İradə xala var idi. Söz vaxtına çəkər. Qapısını pusanda efirdə Zülfiyyə Xanbabayeva oxuyurdu və dedi ki, nə abırlı və gözəl xanımdır. Onun barəsində çoxlu gözəl sözlər dedi və mən də ona yozdum ki, tanınıb gözəl müğənni olacam. Zaman keçdi və elə şeylər oldu ki, mən də müğənni kimi tanındım”.

Müğənni bayram şirniyyatlarından imtina etdiyini açıqlayıb və səbəbini bu cür əsaslandırıb:

“Bayram şirniyyatlarını 5 il oxumadığım vaxtlarda hazırlamışam. Son 10 ilə yaxındır ki, bişirmirəm. Ancaq iki ildir ki, şirniyyat bizim evdə yoxdur. Çünki kökəlirəm. Gözümün qabağında şirniyyatı görən kimi onu yeməliyəm. Dietada olduğum üçün nə almıram, nə də yemirəm. 5 ildir ki, 60 kq çəkiyə düşmək istəyirəm. Hazırda 68 kiloyam. 8 kilo da versəm dünyanın xoşbəxti olaram”.

Aytac Şahin

Mənbə: yenisabah.az