Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Publik hüquqi şəxs statusu alacaq Mərkəz tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərəcək.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, ölkədə fəaliyyət göstərən klinikalar müvafiq standartlara uyğun çalışmalıdır. Ancaq bəzi özəl klinikalar bu qaydalara riayət etmirlər. Onlarla bağlı narazılıqlar, çatışmazlıqlarla bağlı şikayətlər çoxdur. Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi də sözügedən məsələləri sahmana salmaq üçün yaradılıb:
“Bu qurum xəstəxanaların məsuliyyətini artıracaq. Bu gün ölkədə özəl tibb müəssisələrinin sayı sürətlə artır. Bu xəstəxanaların böyük əksəriyyətində işlər tibbin qaydalarına uyğun getmir. Sözügedən xəstəxanaların bəziləri tibb ixtisası olmayan sahibkarlar tərəfindən idarə edilir. Eyni zamanda bu kimi digər özbaşınalıqlar da var. Özəl xəstəxanalar Azərbaycan təbabətinin qanunları ilə işləməlidir. Mərkəzin fəaliyyəti özəl klinikalardakı özfəaliyyətə, özbaşınalıqlara son qoyacaq. Orada diplomsuz fəaliyyət göstərmələr, müxtəlif qeyri-qanuni fəaliyyətlər aradan qaldırılacaq. Bu akreditasiya sistemi Qərb təbabəti sistemidir və biz bu sistemə mütləq keçməliyik. Xəstəxanaların da, həkimlərin də ixtisaslaşma dərəcəsi bu akreditasiya sistemi ilə müəyyən edilməlidir. Dünya bu yolla gedir. Biz də getməliyik”.
Sevinc
Mənbə: www.bakupost.az