Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.
Ölkənin Nazirlər Kabineti məlumat yayıb. Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılıb.

Görəsən, danışıqlar niyə məhz Mişustinlə nəzərdə tutulub, Putinlə yox?
Doğrudur, Nikol Paşinyan da baş nazirdir, Mişustin də. Amma Rusiyadan fərqli olaraq, Ermənistan parlamentli respublikadır və o səbəbə baş nazir həm də ölkənin rəhbəri, 1-ci şəxs sayılır. Mişustin isə baş nazir olsa da, 1-ci şəxs deyil.
Putin hələ də Paşinyanla görüşdən yayınmaqla nəyin mesajını verir? Bu, iyun seçkilərinin tanınması anlamınamı gəlir, yoxsa əksinə? Nikolun Putinlə görüşmədən geri dönməsi mümkündümü?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin fikrincə, seçkilərin yekun nəticələri açıqlanmayıb və Rusiya dövlət başçısı bu səbəbdən qalib tərəfi təbrik etməyib: "Ona görə də onların görüşü hələlik reallaşmır. Paşinyan seçkilərin yekun nəticələri elan edildikdən sonra ilk rəsmi səfəri Moskvaya edəcəyini açıqlayıb. Bu görüş isə tədbir çərçivəsindədir. Qeyd edim ki, rəsmi məlumata əsasən, Paşinyan Yekaterinburq şəhərində keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – INNOPROM-2026-da iştirak edəcək. Yəni bir sərgiyə gedir və bunu rəsmi səfər kimi qiymətləndirmək olmaz. Ona görə səfər çərçivəsində rusiyalı həmkarı ilə görüş nəzərdə tutula bilər. Sadəcə, iki ölkə arasında problemlər həllini tapmayıb. Rusiya Azərbaycandan tranzit keçməklə Ermənistana, taxıl, buğda göndərir, bir tərəfdən isə onun kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur. Hazırda Ermənistan balıq, meyvə və digər məhsulları Rusiyaya göndərə bilmir. Digər məsələ bu embarqonun əsas səbəbi olan Avrasiya İqtisadi Birliyidir. Rusiya Ermənistan hökumətindən qərar tələb edir. Paşinyan isə həm bu təşkilatda qalmağı, həm Avropa Birliyinə inteqrasiyanı seçir. Bu məsələ də Mişustinlə müzakirə oluna bilər. Digər problem KTMT-dir. Ermənistan blokda iştirakını dayandırıb. Ona görə də Paşinyanın Rusiyada müzakirə edəcəyi mövzular çoxdur. Sadəcə, onları Mişustin yox, Putinlə danışmalıdır".

Ç.Qənizadənin fikrincə, Rusiya seçkilərin nəticələrini hələ də şübhə altına almağa davam edir: "Belə bir vəziyyətdə Paşinyanın sərgidə iştirak etməsi bir jestdir. Əvvəlcə İranda vida mərasimində iştirak etdi, indi Rusiyada sərgiyə gedir. Yəni bəzi reveranslar etməyə çalışır. Bu da ehtiyatlı xarici siyasət kursundan xəbər verir. Paşinyan Qərblə əlaqələri inkişaf etdirməklə yanaşı, Rusiya və İranla münasibətlərdə radikal addımlar atmağa qorxur. Məncə, bu siyasəti davam etdirəcək. Ermənistan hökuməti mərhələli şəkildə Rusiyadan uzaqlaşma xəttini seçib. Odur ki, Yekaterinburqa getməklə bir jest edir və Putinə mesaj vermiş olur. Bu mesaj da Ermənistanın Rusiya ilə əlaqələri normallaşdırmaq istəyindən irəli gəlir".
Emil Salamoğlu
Mənbə: musavat.com