Əslində bu kimi məsələlərə zaman-zaman münasibət bildirmişəm. Bəlkə də indiyədək bu mövzuda onlarla yazı yazmış, sosial şəbəkələrdə müxtəlif statuslar paylaşmışam. Bu sahədə ixtisaslaşmış jurnalist kimi hesab edirəm ki, Azərbaycanın ən böyük sərvətlərindən biri əsrlər boyu formalaşmış birgəyaşayış ənənələri, qarşılıqlı hörmət mühiti və multikultural dəyərləridir. Bu dəyərləri qorumaq təkcə dövlət institutlarının deyil, həm də siyasətçilərin, ziyalıların, media nümayəndələrinin məsuliyyətidir. Ancaq təəssüf ki, zaman-zaman elə hadisələrlə qarşılaşırıq ki, insan istər-istəməz eyni mövzuya yenidən qayıtmağa məcbur olur. Cəmiyyətin birgəyaşayış ruhu bəzən elə insanlar tərəfindən zədələnir ki, buna nəinki təəssüflənir, hətta təəccüblənməyə bilmirsən. Axı bunlar sosial şəbəkələrdə təsadüfi “var olan”, məsuliyyət hissi daşımayan kimsə(lər) deyillər. Bunlar ölkənin siyasi elitasında təmsil olunan, cəmiyyət tərəfindən tanınan, sözünün ictimai rəyə təsir gücü olan sayğılı və seçkin insanlardır.
Son günlər ADP sədri Sərdar Cəlaloğlunun kürd etnik azlığı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində, xüsusilə də ölkəmizdə yaşayan kürd icmasının nümayəndələri tərəfindən narahatlıqla qarşılandı. Məsələ ətrafında "Ronahi" Kürd Mədəniyyət Mərkəzi, onun sədri Zabit Məmmədov, sədr müavini Emin Xanlarov, eləcə də Kürd Media Mərkəzi tərəfindən açıqlamalar verildi. Yaranmış gərginliyin aradan qaldırılması məqsədilə Azərbaycan Kürd İcmasının nümayəndələri ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi rəhbərliyi arasında görüşün keçirilməsi də göstərdi ki, bu cür məsələlərə həssas və məsuliyyətli yanaşmaq zəruridir.
Sərdar Cəlaloğlu həm siyasətçi, həm də uzun illər ictimai fəaliyyət göstərmiş bir şəxs kimi cəmiyyətdə tanınan simalardandır. Onun çıxışları geniş auditoriya tərəfindən izlənilir, sosial şəbəkələrdə sürətlə yayılır və ictimai rəyə təsir göstərir. Məhz buna görə də belə şəxslərin milli münasibətlər, etnik kimlik və tarixi məsələlərlə bağlı səsləndirdikləri fikirlər daha böyük məsuliyyət tələb edir. Çünki bu mövzular siyasi müzakirə predmeti deyil, insanların mənsubiyyət hissinə, qarşılıqlı etimada və ictimai sabitliyə birbaşa təsir göstərən həssas sahələrdir.
Xüsusilə siyasətçilər, ziyalılar, ictimai xadimlər və geniş auditoriyaya malik media nümayəndələri bilməlidirlər ki, onların hər bir ifadəsi müxtəlif cəmiyyət qrupları tərəfindən fərqli qəbul oluna bilər. Sosial şəbəkələrin bugünkü imkanları fonunda bir neçə dəqiqə ərzində yayılan açıqlama müxtəlif təhriflərə məruz qalır, kontekstdən çıxarılır və nəticədə cəmiyyətdə lazımsız qarşıdurma mühiti yaradır. Buna görə də milli məsələlər barədə fikir bildirərkən emosional deyil, faktlara və dövlət maraqlarına söykənən yanaşma ortaya qoyulmalıdır.
Təəssüf ki, Sərdar Cəlaloğlunun açıqlamasından sonra digər tanınmış siyasətçi, Ümid Partiyasının sədri, şəxsən hörmət bəslədiyim İqbal Ağazadənin də 2019-cu il əhalinin siyahıyaalınmasının etnik tərkiblə bağlı statistik göstəricilərini sosial şəbəkə hesabında paylaşması müzakirələrin miqyasını daha da genişləndirdi. Həmin paylaşımın altında yazılan yüzlərlə şərhdə (bu yazının dərc olunduğu tarixə kimi 354 rəy, 32 paylaşım) statistik məlumatların düzgün əks olunmadığı, Azərbaycanda yaşayan müxtəlif xalqların sayının daha çox olduğu barədə fərqli fikirlər səsləndirildi.
İqbal Ağazadənin paylaşımına yazılan rəylər göstərir ki, etnik mənsubiyyət və əhalinin say tərkibi kimi həssas mövzular sosial şəbəkələrdə qısa müddətdə emosional müzakirələrə, qarşılıqlı ittihamlara və cəmiyyətin müxtəlif qrupları arasında gərginliyə səbəb ola bilir. Rəylərdə fərqli və bir-birinə zidd mövqelərin üstünlük təşkil etməsi bir daha təsdiq edir ki, bu cür məsələlər ictimai rəyi qütbləşdirə bildiyi üçün siyasətçilər və ictimai nüfuz sahibi olan şəxslər milli həssaslıq doğuran mövzularla bağlı daha məsuliyyətli və ölçülü mövqe nümayiş etdirməlidirlər.
Əlbəttə, belə müzakirələrin mövcudluğu təbiidir. Lakin bu tip həssas mövzuların konfrans salonlarında deyil, sosial şəbəkələrdə emosional polemikaya çevrilməsi cəmiyyət üçün faydadan çox zərər gətirə bilər.
Əslində hər iki siyasətçi daha yaxşı bilir ki, Azərbaycanın gücü burada yaşayan müxtəlif etnik və dini mənsubiyyətə malik insanların sayında deyil, onların dövlətçilik dəyərlərimizə sadiqliyindədir. Azərbaycanda yaşayan ləzgilər, talışlar, avarlar, ruslar, yəhudilər, kürdlər, saxurlar, udilər, gürcülər, tatlar və digər etnik qruplar uzun illərdir eyni Vətənin övladları kimi birgə yaşayır, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onların hər biri Azərbaycan dövləti üçün əzizdir, bizim soydaşlarımız, həmvətənlərimizdir.
Bu baxımdan, etnik qrupların sayının neçə faiz təşkil etməsi dövlət siyasətinin əsas meyarı olmamalıdır. Azərbaycanın milli siyasətinin təməlində azərbaycançılıq ideologiyası, vətənçilik prinsipi, Konstitusiyada təsbit olunmuş bərabər vətəndaşlıq hüququ və ümumi dövlət maraqları dayanır. Azərbaycançılıq ideologiyası bütün vətəndaşları etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq vahid dövlət ətrafında birləşdirən əsas ideyadır. Bizim aydınlar və dövlət xadimlərimiz - Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, M.F.Axundov, Heydər Əliyev illərdir buna çalışırdı. Məhz bu yanaşma ölkəmizdə uzun illərdir mövcud olan etnomədəni sabitliyin əsas təminatçılarından biridir.
Azərbaycanın müxtəlif xalqlarının nümayəndələri bunu gündəlik həyatlarında da nümayiş etdirirlər. Onlar Azərbaycan Ordusunda xidmət edir, dövlət qurumlarında çalışır, elmə, təhsilə, mədəniyyətə və ictimai həyata töhfə verir, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda digər vətəndaşlarla çiyin-çiyinə mübarizə aparır, qazi və şəhid olurlar. Xüsusilə Vətən müharibəsində müxtəlif etnik mənsubiyyətli Azərbaycan vətəndaşlarının göstərdikləri fədakarlıq bir daha sübut etdi ki, bu ölkədə əsas dəyər etnik mənsubiyyət deyil, Vətənə sədaqət və dövlətə bağlılıqdır. Mən bunu şəxsən bu günlərdə Azərbaycanın ən ucqar nöqtələrinin birində - talış qardaşlarımızın yaşadığı Astaranın Sım kəndində ömrünü ahıl yaşlarını yaşayan Talıb Salayevlə söhbətim zamanı bir daha yəqinləşdirdim. Adam 44 günlük müharibəni xatırlayanda Azərbaycan, dövlətçilik deyib göz yaşı axıdırdı. Bu insanlara biz necə fərq qoya bilərik?
Biz unutmamalıyıq ki, informasiya müharibələrinin tuğyan etdiyi indiki dövrdə milli məsələlərdən manipulyasiya vasitəsi kimi istifadə etmək istəyən xarici dairələr var. Ötən ay biz bunu Albert Aqarunovla bağlı yayılan dezinformasiyada, ondan əvvəl bir gənc xanım psixoloqun talışlarla bağlı səsləndirdiyi fikirlərdə açıq-aydın görə bildik. Daxildə səslənən bu kimi açıqlamalar xarici dairələr tərəfindən kontekstdən çıxarılaraq Azərbaycanın multikultural modelinə qarşı təbliğat alətinə çevrilir. Bu səbəbdən ictimai nüfuza malik şəxslərin hər bir çıxışı təkcə daxili auditoriya üçün deyil, ölkənin sabitliyi baxımından da qiymətləndirilməlidir.
Bu nöqteyi-nəzərdən hesab edirik ki, milli məsələlərlə bağlı müzakirələr emosiyalar üzərində deyil, dövlət maraqları əsasında aparılmalıdır. Siyasətçilər, ziyalılar və ictimai rəyə təsir imkanına malik şəxslər cəmiyyətdə qarşıdurma yarada biləcək ifadələrdən çəkinməli, əksinə, müxtəlif etnik qruplar arasında qarşılıqlı hörmətin, etimadın və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə töhfə verməlidirlər.
Təsadüfi deyil ki, "Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz "Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək" layihəsi çərçivəsində hazırladığımız məqalələr, podkastlar və maarifləndirici materiallar virtual məkanda nifrət nitqinin qarşısının alınmasına, multikultural dəyərlərin təşviqinə və ölkəmizdə mövcud olan sağlam etnomühitin qorunmasına xidmət edir.
Birgəyaşayış nemət, sabitliyin açarıdır.
Mənbə: www.bakupost.az