“Müharibə gözlənilirdi, İran bütün ssenarilərə hazır idi”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramında çıxış edərkən deyib.
Əraqçi ABŞ və İsraillə baş verən qarşıdurmanın səbəbləri, Tehranın hərbi planları və ölkənin zəif nöqtələri barədə açıqlamalar verib.
O bildirib ki, Tehran ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsi məsələsində güzəştə getməkdən imtina edib. Nazirin sözlərinə görə, məhz bu mövqe münaqişənin əsas səbəblərindən biri olub.
Əraqçi deyib ki, İran hətta müvəqqəti razılaşmaya getməyi də nəzərdən keçirməyib. O, bunun ölkənin nüfuzuna zərər verəcəyini və “güc tətbiqindən sonra geri addım atılması” görüntüsü yaradacağını düşündüklərini bildirib.
“Biz müharibənin olacağına əmin idik. Danışıqlar ona görə aparılırdı ki, heç kim sonradan “əgər danışıqlar aparsaydınız, müharibə olmazdı” deməsin”, – deyə Əraqçi vurğulayıb.
İran xarici işlər naziri ölkənin mümkün hücumlara qarşı əvvəlcədən plan hazırladığını açıqlayıb.
Əraqçi bildirib ki, İranın Hörmüz boğazını bağlamaq ssenarisi əvvəldən nəzərdə tutulub və bunun üçün “Kod 110” adlı plan hazırlanıb.
“Əgər ali lider hədəf alınsaydı, boğazın bağlanacağı əvvəlcədən razılaşdırılmışdı”, – deyə o söyləyib.
XİN rəhbərinin sözlərinə görə, Tehran diplomatik həllə nail olmaq şansını çox aşağı qiymətləndirsə də, bu yolu sınamağa çalışıb.
“Biz məqsədlərimizə diplomatik yolla çatmaq üçün 10 faiz şans görürdük və buna cəhd etdik”, – Əraqçi deyib.
Əraqçi İranın əsas zəif tərəflərindən birinin daxildəki kəşfiyyat sızmaları olduğunu etiraf edib.
“Ən böyük zəiflik casusların rejimin içinə nüfuz etməsidir”, – deyən nazir bildirib ki, yüksək səviyyəli dövlət strukturlarının təhlükəsizliyi üçün xüsusi tədbirlər görülüb.
O, müharibə zamanı Ali Milli Təhlükəsizlik Şurasının bütün üzvlərinin eyni vaxtda bir yerə toplanmadığını qeyd edib.
“Əgər şuranın bütün üzvlərinə eyni anda zərbə endirilsəydi, rejim çökə bilərdi”, – deyə Əraqçi bildirib.
Nazir İranın hərbi potensialının müharibədən sonra bərpa edildiyini dilə gətirib.
Onun sözlərinə görə, İran İnqilabı Keşikçiləri Korpusu raket imkanlarını əhəmiyyətli dərəcədə artırıb və hücum sistemlərinin yenidən aktivləşdirilməsi əvvəlkindən daha sürətli həyata keçirilir.
Əraqçi bildirib ki, bəzi xarici analitiklər İranın raket imkanlarının zəiflədiyini düşünsələr də, Tehran əvvəlki sistemlərdən fərqli yeni mexanizmlər hazırlayıb.
Nazir vurğulayıb ki, İran ABŞ və İsrailin mümkün hücumlarına cavab olaraq regiondakı ABŞ bazalarını və enerji infrastrukturlarını hədəfə almağa hazır idi.
O, Körfəz ölkələrinin İranın cavab imkanlarını gördükdən sonra regiondakı təhlükəsizlik balansının dəyişdiyini deyib.
Əraqçi İranın yeni Ali Lideri Müctəba Xamenei ilə bağlı da danışıb. O bildirib ki, onun seçilməsi rejimin siyasətində dəyişiklik olmayacağı mesajını verir.
“Onun təyinatı dünyaya İran sisteminin siyasət və ideallarında dəyişiklik olmayacağını göstərən mühüm mesaj idi”, – deyə Əraqçi qeyd edib.
Mənbə: qafqazinfo.az