“Rusiya Hərbi Dəniz Donanmasının (HDD) heyətində nüvə mühərrikli “Poseydon” sualtı pilotsuz aparatının daşıyıcısı yer alıb”.
Bu barədə Rusiya HDD-nin baş komandanı admiral Aleksandr Moiseyev “Voyennaya priyomka” proqramının efirində bildirib.
“Bəli. Bizdə artıq belə bir daşıyıcı var. Hamımız yaxşı bilirik ki, bu proqram məhz belə bir strateji silahın inkişafı ilə bağlıdır. Əlbəttə ki, Hərbi Dəniz Donanmasının tərkibində belə bir daşıyıcı mövcuddur”.
Qeyd edək ki, may ayında V. Putin “Poseydon” sualtı dronu və “Burevestnik” raketi üzərində işlərin son mərhələdə olduğunu bəyan etmişdi.
Xatırladaq ki, “Qiyamət torpedosu” kimi tanınan “Poseydon” nüvə enerji qurğusuna malik pilotsuz sualtı silahdır. “Rubin” Mərkəzi Konstruktor Bürosu tərəfindən hazırlanan layihə strateji çəkindirmə silahı kimi təqdim olunur. Onun əsas vəzifəsi yüksək dağıdıcı gücə malik nüvə sursatını düşmənin sahil zonalarına çatdırmaqdır.
Mənbə: qafqazinfo.az