Son günlər regionda müşahidə olunan hərbi-siyasi gərginlik, strateji nəqliyyat marşrutları ətrafında artan qarşıdurma və İranın regional layihələrə münasibəti Yaxın Şərqdə yeni risklərin formalaşdığını göstərir. Tehran bir tərəfdən Vaşinqtonla qarşıdurma xəttini davam etdirir, digər tərəfdən isə Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi təsirini qorumaq məqsədilə iqtisadi və nəqliyyat layihələrinə qarşı sərt mövqe nümayiş etdirir.
“SEPAH ABŞ-la qarşıdurmanı davam etdirməklə yanaşı, regionun iqtisadi və nəqliyyat layihələrinə qarşı təxribat və sabotaj fəaliyyətlərini genişləndirir. Bu, Tehranın regionda əvvəlki geosiyasi təsir imkanlarını bərpa etmək və strateji nəqliyyat marşrutları üzərində nəzarəti gücləndirmək planını göstərir”.
Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, İranın Zəngəzur dəhlizinə, eləcə də İraq və Türkiyə arasında imzalanmış İnkişaf Yolu (Kalkınma Yolu) layihəsinə qarşı çıxması bu siyasətin tərkib hissəsidir: “Halbuki bu layihələr regional iqtisadi inteqrasiyaya və ticarətin genişlənməsinə xidmət edir və bütün ölkələrin faydalana biləcəyi imkanlar yaradır. Bundan əlavə, İranın Hörmüz boğazı və Babül- əl- Məndəb istiqamətində yaratdığı gərginlik beynəlxalq dəniz ticarəti üçün də ciddi risklər yaradır”.

Partiya mənsubu deyib ki, İranın bu siyasəti uzun müddət davam etdirməsi çətin görünür:
“Eyni zamanda, İranın Azərbaycana qarşı informasiya təxribatları, körfəz ölkələri ilə münasibətlərdə gərginlik yaratması və Türkiyənin iştirak etdiyi regional layihələrə qarşı çıxması onun qonşuları ilə münasibətlərini daha da mürəkkəbləşdirir. ABŞ ilə imzalanmış memorandum İran üçün beynəlxalq iqtisadi inteqrasiyaya qoşulmaq, sanksiyaların təsirini azaltmaq və ölkə iqtisadiyyatını canlandırmaq baxımından imkan yarada bilərdi. Lakin hazırkı siyasət bu imkanların reallaşmasını çətinləşdirir və İran iqtisadiyyatına əlavə təzyiqlər yaradır”.
Onun fikrincə, əgər Tehran Vaşinqtonla qarşıdurmanı davam etdirsə və kompromisə getməsə, ABŞ-nin iqtisadi və siyasi təzyiqləri daha da güclənəcək: “Bunun İran iqtisadiyyatına və dövlət idarəçiliyinə ciddi təsirlər göstərə biləcəyi istisna deyil. Digər tərəfdən, Çinin İrana hava hücumundan müdafiə sistemləri ilə dəstək verməsi, Pekinin regionda ABŞ qarşı bir vəkalət müharibəsi apardığını göstərir. Çinin də bu proseslərdə dolayı iştirakı qarşıdurma arealını genişləndirir və uzun müddətli sülhün əldə olunmasını çətinliklər yaradır”.
Cavanşir Abbaslı
Mənbə: musavat.com