Paşinyanın YERƏ düşən XAHİŞİ – Putinlə telefon diplomatiyası niyə işləmədi?

Paşinyanın YERƏ düşən XAHİŞİ – Putinlə telefon diplomatiyası niyə işləmədi?

"Rospotrebnadzor"un tapşırığı ilə Rusiyanın "Çestnıy znak" dövlət markalama sistemi Ermənistanda istehsal olunmuş 70 min şüşədən çox içməli su və alkoqolsuz içkinin satışını dayandırıb.

Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzindən (QTİM) verilən məlumata görə, bu qərar məhsullara qoyulan məcburi tələblərin pozulması faktı aşkar edildikdən sonra istehlakçıların həyatına və sağlamlığına dəyə biləcək olası zərərin qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd edək ki, bu, son bir ayda Rusiyanın Ermənistan məhsullarının idxalını qadağan edən birinci qərarı deyil. Müvafiq dövlət qurumları ard-arda bir sıra erməni məhsullarının ölkəyə idxalına qadağalar tətbiq edir. Vəziyyət o yerə çatıb ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib və danışıqlar zamanı Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlər müzakirə olunub.

Paşinyan Avrasiya İqtisadi İttifaqının normalarını nəzərə alaraq, Ermənistandan Rusiyaya məhsul tədarükü ilə bağlı problemin həlli üçün tədbirlər görülməsini Putindən xahiş etmişdi. Bu telefon danışığından bir həftə keçməmiş Rusiyanın "Çestnıy znak" dövlət markalama sisteminin Ermənistanda istehsal olunmuş içməli su və alkoqolsuz içkinin satışını dayandırması və həmin içkilərin ölkəyə buraxılmaması qərarı verməsi o deməkdir ki, Paşinyanın Putindən xahişinin müsbət nəticəsi olmayıb.

Ermənistan məhsullarına qadağa: Rusiya sərt üzünü göstərir Gündəm24.az

Ekspertlər hesab edir ki, Rusiyanın son addımı təkcə texniki tənzimləmə və ya sanitariya nəzarəti ilə bağlı qərar kimi qiymətləndirilməməlidir. Paşinyanın Putinlə telefon danışığında məsələni qaldırmasına baxmayaraq, qısa müddət sonra Ermənistan istehsalı olan məhsullara qarşı yeni məhdudiyyətlərin tətbiqi Kremlin bu məsələdə siyasi mövqeyini dəyişmədiyini göstərir.

Rusiya formal olaraq qərarları sanitariya, keyfiyyət standartları və markalama qaydalarının pozulması ilə əsaslandırır. Lakin bu cür qərarların məhz siyasi münasibətlərin gərgin olduğu dövrlərdə intensivləşməsi onların yalnız texniki xarakter daşımadığına şübhə yeri qoymur. Erməni baş nazirin Putinə müraciətindən sonra vəziyyətin dəyişməməsi onu göstərir ki, Moskva İrəvana güzəşt etmək niyyətində deyil.

Paşinyanın Putinlə danışığından sonra da Rusiyanın Ermənistan məhsullarına qarşı yeni məhdudiyyətlər tətbiq etməsi Kremlin İrəvana münasibətdə iqtisadi təzyiq siyasətini davam etdirdiyini və telefon diplomatiyasının hələlik praktik nəticə vermədiyini göstərən növbəti siqnaldır.

Etibar Seyidağa

Mənbə: musavat.com