Araik Harutyunyandan müxalifətçi deputata: “Sizin Köçəryan ailəsi ilə hansı münasibətiniz var?” - VİDEO

Araik Harutyunyandan müxalifətçi deputata: “Sizin Köçəryan ailəsi ilə hansı münasibətiniz var?” - VİDEO

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Araik Harutyunyan parlamentdə “Hayastan” blokunun deputatı Aram Vardevanyanın fəaliyyətini və onun müdafiə etdiyi şəxslərlə əlaqələrini tənqid edib.

Harutyunyan bildirib ki, Vardevanyanın müdafiə etdiyi şəxslərlə əlaqələri səbəbindən cəmiyyətin bir hissəsi onu “şeytanın vəkili” adlandırır.

Onun sözlərinə görə, bu yanaşma Vardevanyanın peşəkar fəaliyyəti ilə deyil, əlaqədə olduğu şəxslərlə bağlıdır.

Harutyunyan Vardevanyana bir sıra suallar ünvanlayıb:

“Sizin “Nairi Insurance” ilə hansı əlaqəniz olub? Köçəryan ailəsi ilə hansı münasibətiniz var?”

Vardevanyanın daha əvvəl Mərkəzi Bankın onun namizədliyini təsdiqlədiyini bildirməsinə münasibət bildirən Harutyunyan namizədliyi Mərkəzi Banka kimin təqdim etdiyini soruşub.

Onun sözlərinə görə, Vardevanyan bu suala Vaaqn Xaçaturyanın adını çəkərək cavab verib.

Harutyunyan iddia edib ki, Vaaqn Xaçaturyan “Nairi Insurance” şirkətində Köçəryan ailəsinin biznes tərəfdaşı olub və hər iki tərəfin şirkətdə payı mövcud olub.

Bununla əlaqədar Harutyunyan Vardevanyanın həmin ailələrlə birbaşa əlaqəsinin olduğunu iddia edib.

Daha sonra “Hayastan” blokunun nümayəndəsi İşxan Sagatelyanın Vardevanyanla bağlı “düşərgəsini dəyişib” ifadəsinin işlədilməsinə etiraz etdiyini xatırladan Harutyunyan bildirib ki, söhbət düşərgə dəyişməkdən getmir.

“Biz demirik ki, siz düşərgəni dəyişmisiniz. Biz deyirik ki, siz həmin partiyanın bir hissəsisiniz. Seçki dövründə necə deyirdiksə, indi də deyirəm: mahiyyət etibarilə siz bir məqsədi güdən və bu məqsədə çata bilməyən eyni partiyasınız”, – Harutyunyan bildirib.

Mənbə: konkret.az